Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Milli Məclisin payız sessiyasının ilk iclası keçirilib

Bakı, 30 sentyabr, AZƏRTAC
Sentyabrın 30-da Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin Sədri Oqtay Əsədov payız sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Milli Məclisin 2019-cu ilin yaz və növbədənkənar sessiyalarını uğurla başa vurduğunu bildirən parlamentin Sədri deyib: “Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam həcmdə yerinə yetirilib. Dövlətimizin başçısı İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini parlament səviyyəsində dəstəkləmək üçün bütün lazımi tədbirlər görülüb. Parlamentin 17 iclası keçirilib, 214 qanun və qərar qəbul edilib.
Milli Məclisin beynəlxalq əlaqələri də inkişaf edib. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak ediblər. Parlamentin yaz, növbədənkənar sessiyalarında və sonrakı dövrdə 35 ölkəyə 106 səfər həyata keçirilib. 42 xarici dövlətin və beynəlxalq təşkilatın 96 nümayəndə heyəti, yəni 834 nəfər Milli Məclisdə olub.
Deputatlarımız Ukraynada və Qazaxıstanda prezident seçkilərini müşahidə ediblər.
Milli Məclisin xətti ilə Bakıda dörd beynəlxalq təşkilatın tədbirləri keçirilib, eləcə də 12 parlament və 2 beynəlxalq təşkilatın sədrləri Milli Məclisdə qonaq olublar”.
Sədr diqqətə çatdırdı ki, bu gün biz Milli Məclisin yeni sessiyasına başlayırıq. Payız sessiyasının qanunvericilik işləri planı hazırlanıb və müzakirə ediləcək. Bu sessiyada bir sıra zəruri aktların qəbul olunması nəzərdə tutulur. Xüsusən biz Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanun layihəsini və büdcə zərfinə daxil olan digər sənədləri müzakirə və qəbul edəcəyik. Sədr payız sessiyasında deputatlara uğurlar arzulayıb.
Oqtay Əsədov bildirib ki, bu günlərdə mətbuatda haqqında gedən yazılarla bağlı deputat Rafael Cəbrayılov Milli Məclisə müraciət edib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov Konstitusiyaya uyğun olaraq özü mandatdan imtina etməsi barədə Milli Məclisə müraciət edib.
O, eyni zamanda, həm seçicilərindən, həm deputat həmkarlarından, həm də cəmiyyətdən üzr istəyərək istefa vermək qərarına gəlib. Protokol qaydasında müraciət Mərkəzi Seçki Komissiyasına göndəriləcək. Seçki Məcəlləsinə uyğun olaraq, MSK deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul edəcək.
Sonra iclasda Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il payız sessiyasının qanunvericilik işləri planı müzakirə olunub. Milli Məclisin deputatları Fərəc Quliyev, Vahid Əhmədov, Nəsib Məhəməliyev, Musa Qasımlı, Musa Quliyev, Əli Məsimli, Qüdrət Həsənquliyev, Elmira Axundova, Azay Quliyev, Bəxtiyar Əliyev, Qənirə Paşayeva, Tahir Kərimli, Siyavuş Novruzov, Jalə Əliyeva, Xanhüseyn Kazımlı, Əflatun Amaşov, Məlahət İbrahimqızı payız sessiyasının qanunvericilik işləri planı barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini veriblər. Müzakirələrdən sonra qanunvericilik işləri planı səsə qoyularaq təsdiqlənib.
Sonra deputatlar “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 19 yanvar tarixli 460 nömrəli Konstitusiya Qanununun ləğvi barədə” Konstitusiya Qanununu (ikinci səsvermə) səsə qoyaraq təsdiqləyiblər. Bildirilib ki, yeni qanun qəbul olunduğuna görə əvvəlki qanun ləğv edilir.
İclasda “Texniki tənzimləmə haqqında” qanun layihəsinin üçüncü oxunuşu barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Komitə sədri ikinci oxunuşdan sonra layihə üzərində aparılmış işləri diqqətə çatdırdıqdan sonra layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
“Ələt azad iqtisadi zonası haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələni Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov təqdim edib. Bildirib ki, təklif olunan dəyişikliyə görə Qanuna yeni 32-ci maddə əlavə olunur. Həmin maddədə deyilir ki, “Bu Qanunda nəzərdə tutulmuş Azad Zona səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Azad Zona səlahiyyətli qurumunun və İdarə Heyətinin hüquqlarını və vəzifələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan müvəqqəti idarəetmə qurumu həyata keçirir”. Dəyişiklik səsə qoyularaq təsdiqlənib.
Deputatlar “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş) və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (ikinci oxunuş) məsələləri də təsdiqləyiblər. Bildirilib ki, bu dəyişikliklər bəzi anlayışların dəyişməsi ilə bağlıdır.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məsələlər uyğunlaşdırma xarakterlidir. Bu dəyişikliklər də qəbul edilib.
“Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və Cəzaların İcrası Məcəlləsində, Miqrasiya Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (ikinci oxunuş) məlumat verən Milli Məclisin komitə sədri Aqiyə Naxçıvanlı bildirib ki, dəyişikliklər “Psixoloji yardım haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır. Bu dəyişikliklər də təsdiqlənib.
İclasda “Lombardlar haqqında” qanun layihəsinin ikinci oxunuşu barədə Milli Məclisin komitə sədri Ziyad Səmədzadə məlumat verib. Komitə sədri bildirib ki, layihədən bir sıra maddələr çıxarılıb, yeni maddələr əlavə edilib. Layihədə lombard fəaliyyətinin həyata keçirilməsinin qaydaları, maliyyələşdirmə mənbələri, girov qoyulan və ya saxlanmaya qəbul edilən əşyaların qiymətləndirilməsi, lombardın nizamnamə kapitalı və digər məsələlər öz əksini tapıb. Deputatlar bu qanun layihəsini də ikinci oxunuşda qəbul ediblər.
Sonra “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” və “Energetika haqqında” qanunlarda dəyişiklik edilməsi barədə uyğunlaşdırma xarakterli məsələ də birinci oxunuşda təsdiq edilib.
Sonra bildirilib ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş), həmçinin onunla eyni zərfdə daxil olmuş “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) də “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanuna uyğunlaşdırılır. Bununla bağlı dəyişikliklər səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
İclasda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanuna da təklif olunan texniki xarakterli dəyişiklik birinci oxunuşda təsdiqlənib.
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. Bildirib ki, bu dəyişiklik silahlı birləşmələrə aid olmayan, lakin tərkibindəki bəzi qurumlarda hərbi xidmət nəzərdə tutulan dövlət orqanlarının hərbi qulluqçularının dövlət icbari şəxsi sığortasının və pensiya təminatının qorunmasına xidmət edir. Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
İclasda “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) məsələlər də təsdiqlənib.
Gündəliyin sonuncu məsələsi - “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) oldu. Bildirilib ki, dəyişiklik nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün ödənilən dövlət rüsumunun artırılmasını nəzərdə tutur. Dövlət rüsumundan gələn vəsaitin 30 faizi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinin keyfiyyətinin yüksəldilməsi məqsədilə aidiyyəti orqanın maddi-texniki bazasının yüksəldilməsinə sərf olunacaq. Dəyişikliyə əsasən, bununla bağlı dövlət rüsumu 20 manatdan 30 manata qaldırılır.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
İclasda ayrı-ayrı məsələlərin müzakirəsi zamanı deputatlardan Aqil Abbas, Hikmət Məmmədov, İsa Həbibbəyli, Araz Əlizadə, Azər Badamov çıxış edərək qeyd və təkliflərini veriblər.
Bununla da Milli Məclisin payız sessiyasının ilk iclası başa çatıb.

Daxili siyasət 2019-09-30 12:17:00