Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İranda Kərbəla ziyarətinə hazırlıq işləri aparılır

Tehran, 29 sentyabr AZƏRTAC
Hər il olduğu kimi, bu ildə Məhərrəm ayının sonunda minlərlə müsəlman Kərbəlada imam Hüseynin məzarını ziyarət edəcək.
AZƏRTAC xəbər verir ki, Rusiya, Gürcüstan və Azərbaycandan Kərbəlaya getmək istəyən zəvvarlar İran-Azərbaycan sərhədindəki Astara gömrük-keçid məntəqəsindən istifadə edirlər. Bununla əlaqədar olaraq İranın Astara gömrük-keçid məntəqəsində zəvvarların qarşılanması üçün hazırlıq işləri görülüb.
Gömrük keçid məntəqəsinin həyətində çadırlar qurulub ki, uzun yoldan gələnlər burada namaz qılıb istirahət etsinlər.
Azərbaycanlı zəvvarlar üçün ayrılmış çadırda isə Azərbaycanın dövlət bayrağı asılıb. İranın həcc işləri üzrə təşkilatın Astara nümayəndəsi qeyd edib ki, Azərbaycanın milli bayrağı zəvvarların onlar üçün ayrılmış yeri çətinlik çəkmədən tapıb istirahət edə bilmələri üçün asılıb.
Qeyd edək ki, İranın Astara şəhərinə keçən zəvvarlar buradan avtobuslarla İraqın Kərbəla şəhərinə aparılacaq.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Din 2019-09-29 14:29:00