×
A
A
A
Sazlamalar

“Azİz” Beynəlxalq Assosiasiyası Roş-Ha-Şana ərəfəsində bayram konserti təşkil edib

Bakı, 28 sentyabr, AZƏRTAC 

Yəhudi xalqının Yeni ili - Roş-Ha-Şana ərəfəsində İsrailin cənubunda, Aşkelon şəhərində İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (“Azİz”) yerli bölməsi tərəfindən böyük həmvətənimiz Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş bayram konserti təşkil edilib.
AZƏRTAC xəbər verir ki, həmin gecə “Voldenberq” Mədəniyyət Sarayının salonunda iynə atsaydın yerə düşməzdi. Əslən təkcə Azərbaycandan deyil, digər postsovet ölkələrindən olan yüzlərlə insan Maestronun xatirəsini anmağa gəlmişdi.
Gecəni “Azİz” Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman açıb. O, tamaşaçılara ötən əsrin 60-80-ci illərində sovet estradasının inkişafında Müslüm Maqomayevin rolundan danışıb.
Sonra o, Aşkelon şəhəri merinin müavini Sofya Beylini səhnəyə dəvət edib. Konsertin təşkil edilməsi məhz onun dəstəyi sayəsində mümkün olub.
Sofya Beylin çıxışında konsertin təşkilinə, habelə İlya Moskoviçin rəhbərliyi ilə Aşkelonda “Azİz” Assosiasiyanın bölməsinin açılmasına göstərdiyi dəstəyə görə Assosiasiyanın başçısı Lev Spivaka təşəkkür edib.
“Azİz” Assosiasiyasının baş direktoru Lev Spivak da Sofya Beylinə təşəkkür edib, habelə zalda olan, Knessetə yenicə deputat seçilmiş Mark İfraimovu təbrik edib, ona fəaliyyətində yeni böyük qələbələr və uğurlar arzu edib.
Mark İfraimov cavab çıxışında deyib ki, Müslüm Maqomayev hələ uşaqlıqdan onun kumiri olub. O, konsertə dəvət olunduğuna və ünvanına deyilən xoş sözlərə görə təşəkkür edib.
Tamaşaçılara İsraildə Simon Vaksman tərəfindən çəkilmiş Müslüm Maqomayevin həyat və yaradıcılığı haqqında sənədli film nümayiş etdirilib.
Filmin nümayişindən sonra Rusiyanın Əməkdar artisti, tanınmış skripkaçı, Qara Qarayevin tələbəsi Mixail Parxomovski çıxış edərək, şəxsən tanış olduğu böyük müğənni Müslüm Maqomayevin həyatından maraqlı faktlar danışıb. Qüdsdən gəlmiş Valeri Lesovoy Müslümün Bakıdakı gənclik illəri barədə xatirələrini bölüşüb, onun xatirəsinə yazdığı şeirlərini oxuyub.
Konsertdə müğənni və bəstəkar Konstantin Kalininin Nikol Neşerin sözlərinə bəstələdiyi Müslüm Maqomayevə həsr olunmuş mahnının müəllifin ifasında premyerası olub. Dəfələrlə beynəlxalq mahnı müsabiqələrinin Qran-Pri mükafatlarına layiq görülmüş Oşer Rayxanovun, tələbələrin özfəaliyyət müsabiqəsinin laureatı David Ben-Gerşonun, “Aralıq dənizi” Beynəlxalq müsabiqəsinin laureatı “Smayliki” qrupunun və Təl-Əviv Opera Teatrının solisti Kameliya Yoffenin ifasında böyük müğənninin repertuarından mahnılar səslənib. Sonda israilli müğənni Tomer çıxış edib. O, Müslüm Maqomayevin repertuarından digər məşhur mahnılarla bərabər, “Azİz” Assosiasiyasının himninə çevrilmiş “Azərbaycan” mahnısını ifa edib. Azərbaycanın ümummilli lideri Heydər Əliyev bu mahnı barədə deyib ki, əgər Müslüm təkcə bu mahnını yazmış olsaydı, yenə də hər bir azərbaycanlının ürəyində və yaddaşında əbədiyaşar iz qoyardı.

Musiqi 2019-09-28 17:24:00