×
A
A
A
Sazlamalar

Ölkəmizin əczaçıları Koreyada keçirilən farmokonəzarət üzrə treninqdə iştirak ediblər

Bakı, 27 sentyabr, AZƏRTAC

Seul şəhərində Koreya Dərman Vasitələrinin Təhlükəsizliyi və Risk İdarəetmə İnstitutu və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə farmakonəzarət üzrə treninq təşkil olunub. 15 ölkədən 40-dan artıq mütəxəssisin iştirak etdiyi treninqdə Analitik Ekspertiza Mərkəzinin farmakonəzarət sektorunun müdiri Elmin Quliyev və həmin şöbənin mütəxəssisi Fərid Həsənov da iştirak edib.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, treninq zamanı Koreyada farmakonəzarət sisteminə ümumi baxış, farmakonəzarət sahəsində harmonizasiyanın tənzimlənməsi üçün fəaliyyət planlarını bölüşmək, təhlükəsizlik məlumatlarını kodlaşdırmaq üçün Beynəlxalq Harmonizasiya Konfransının terminoloji standartı kimi, farmakonəzarət və dərman vasitəsinin istifadə xətalarının bildirilməsi sistemləri, müxtəlif ölkələrdə farmakonəzarət sisteminin inkişaf etdirilməsinə dair fəaliyyət planları və strategiyaları barədə məlumat verilib. Həmçinin effektiv risk kommunikasiya üsulları, farmakonəzarətdə keyfiyyətin idarə olunması – farmakonəzarət inspeksiyası, əlavə təsirlərin qiymətləndirilməsi prinsipləri və digər mövzular müzakirə olunub.
Treninq zamanı dərman vasitələrinin əlavə təsirləri ilə əlaqədar yeni siqnalların aşkar edilməsi və qiymətləndirilməsi üsullarına dair praktiki qrup təlimləri keçirilib.
Seminardan sonra iştirakçılara Koreya Dərman Vasitələrinin Təhlükəsizliyi və Risk İdarəetmə İnstitutu tərəfindən müvafiq beynəlxalq sertifikatlar təqdim olunub.

Səhiyyə 2019-09-27 11:39:00