×
A
A
A
Sazlamalar

Lənkəranda stomatoloqlar üçün səyyar kurs təşkil edilib

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 16-dan 25-dək Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası Davamlı Tibbi Təhsil proqramına uyğun olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasında stomatoloqlar üçün səyyar kurs təşkil edib. Kursda Lənkəran şəhəri ilə yanaşı yaxın bölgələrdən olan həkim-stomatoloqlar da iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, kursun əsas məqsədi müdavimləri stomatologiyanın aktual məsələləri ilə tanış etmək, onların dişlərin və diş əti sağlamlığının qorunub saxlanmasına, ağız boşluğu xəstəliklərinin erkən aşkarlanmasına dair bilik və praktik bacarıqlarının təkmilləşdirilməsindən ibarət olub.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosentləri Cavid Əhmədbəyli və Rəhim Qarayev tərəfindən aparılan dərslərdə stomatoloji xəstələrdə dişlər və implantlar ətrafında diş əti xəstəlikləri haqqında ictimai məlumatlılığı artırmaq, hamiləlik, şəkərli diabet və ürək-damar xəstəlikləri zamanı qarşıya çıxan problemləri həll etmək yolları araşdırılıb.

Səhiyyə 2019-09-26 14:44:00