×
A
A
A
Sazlamalar

Hidrogen yanacağı ilə işləyən qatarlar Almaniyanı fəth edir

Berlin, 26 sentyabr, AZƏRTAC

Almaniya dünyada ilk ölkədir ki, hidrogen yanacağı ilə işləyən sərnişin qatarları tətbiq edilir. Artıq bir neçə ildir ki, bu ölkədə atmosferə karbon qazı deyil, buxar buraxan qatarlar uğurla tətbiq olunur.
AZƏRTAC xəbər verir ki, Almaniyada dizel yanacağı ilə işləyən 4 min lokomotiv hələ də ölkənin ətraf mühitini korlayır. Hidrogen yanacağı ilə işləyən yeni qatarlar özlərinin bu “mənfur” rəqiblərini relslərdən sıxışdırmaqdadır.
Xatırladaq ki, iki il bundan əvvəl Aşağı Saksoniya Federal əyaləti Fransanın “Alstom” şirkətindən bu qatarları sifariş edib. Hazırda AFR-in bütün əyalətlərində dəmiryollarda bu növ mühərrikdən istifadə olunur.
Hidrogen yanacağı ilə işləyən qatarlar Danimarka, Niderland və Norveçdə də populyarlaşır. Şübhə etmirik ki, yaxın gələcəkdə bu qatarlar Azərbaycanın dəmiryol reyslərində də tətbiq olunacaq, çünki ölkəmizdə ətraf mühit üçün zərərsiz texnologiyalara, alternativ enerjiyə və ekoloji təmiz istehsalatlara maraq ilbəil artır.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Texnologiya 2019-09-26 11:30:00