×
A
A
A
Sazlamalar

DST səhiyyə xidmətlərinin hər kəs üçün əlçatan olması ilə bağlı BMT Bəyannaməsini alqışlayır

Bakı, 25 sentyabr, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) yüksək səviyyəli iclasında dünya liderləri səhiyyə xidmətlərinin hamı üçün əlçatan olması ilə bağlı mühüm siyasi Bəyannamə qəbul ediblər. Bu sənəd səhiyyə sahəsində qəbul olunmuş ən mühüm öhdəlikləri ehtiva edən proqramdır.
AZƏRTAC Dünya Səhiyyə Təşkilatının (DST) saytına istinadla xəbər verir ki, təşkilatın baş direktoru Tedros Adxanom Hebreyesus deyib: “Bəyannamənin qəbul edilməsi qlobal səhiyyə sistemi və onun inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Dayanıqlı inkişaf üzrə hədəflərə nail olmaq sahəsində dünya ölkələrinin 11 il vaxtı var. Bu prosesdə əsas vasitələrdən biri də səhiyyə xidmətlərinin hər kəsi əhatə etməsidir. Bu addım siyasi bir seçimdir və dünya liderləri bu seçimi etmək qərarına gəldilər. Mən onları bu münasibətlə tərik edirəm”.
Bəyannamə DST-nin və onun tərəfdarlarının 2030-cu ilədək səhiyyə xidmətlərinin səviyyəsini iki qat artırılması ilə bağlı bəyanatından sonra qəbul edilib. Qeyd olunub ki, əks halda həmin müddətədək 5 milyarda yaxın insan bu xidmətlərdən məhrum ola bilər.
Bəyannaməni qəbul edən BMT-yə üzv dövlətlər bu istiqamətdə - ilkin səhiyyə xidmətlərinin göstərilməsi üzrə 4 sahədə irəliləyiş əldə olunmasına dair öhdəlik götürüblər. Bu istiqamətlər arasında ən mühüm olanı səhiyyə xidmətləri üçün ödəniş edə bilməyən insanların onlardan məhrum edilməməsidir. Digər istiqamətlər tibbi-sanitar tədbirlərin yüksək səmərəliliyi vasitəsilə xəstəliklərə qarşı mübarizə aparılması və uşaq və qadın sağlamlığının qorunmasıdır.
Bundan başqa, ölkələr kadr resurslarını və səhiyyə infrastrukturunu möhkəmləndirməli, idarəçilik üzrə potensialı artırmalıdırlar. Onlar əldə olunmuş nailiyyətlər barədə BMT-nin 2023-cü ildə keçiriləcək Baş Assambleyasında hesabat verəcəklər.
Bill və Melinda Qeyts Fondunun həmsədri Melinda Qeyts deyib: “Dünya ölkələrinin hər kəs üçün sağlamlığın təmin edilməsi üzrə öhdəliklər götürdüyü bir məqamda bu məsələlərin praktik nəticələr verməsi ilə bağlı real addımlar atmağın vaxtıdır.
Bizim üzərimizə böyük məsuliyyət düşür. Donorlar və hökumətlər ilkin səhiyyə sisteminin möhkəmləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görməli, insanların həyatı boyu onların əsas tələbatlarının ödənilməsi sahəsində öz vəzifələrini yerinə yetirməlidirlər”.

 

Səhiyyə 2019-09-25 15:15:00