×
A
A
A
Sazlamalar

“Bakı Ağ Şəhər” layihəsi çərçivəsində Nizami parkında abadlaşdırma işləri aparılır

Bakı, 24 sentyabr, AZƏRTAC 

Paytaxtın Xətai rayonunun Nobel prospektində yerləşən, uzun illər şəhər sakinlərinin sevimli məkanı olan Nizami parkı xeyli müddətdir ki, baxımsız qaldığından yararsız vəziyyətə düşüb. Bununla əlaqədar “Bakı Ağ Şəhər”in Baş planına uyğun olaraq parkın abadlaşması və genişlənməsi nəzərdə tutulub.
“Bakı Ağ Şəhər”in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda Xətai Rayon İcra Hakimiyyəti tərəfindən Nizami parkı ərazisində abadlıq işləri aparılır və gələcəkdə parkın şəhər sakinlərinin istifadəsinə veriləcəyi gözlənilir.
Nizami parkı “Bakı Ağ Şəhər” layihəsinin Park kvartalında yerləşir. Parkın qərbində artıq tikintisi tamamlanan “Knightsbridge Residence” kompleksi, şimalında isə dəniz səviyyəsindən 25 metr hündürlükdə olan 20 mərtəbəli yaşayış binaları yerləşir. Park kvartalında məktəb və uşaq bağçası, biznes mərkəzi, inzibati dövlət binası və yeraltı avtodayanacaqlar, həmçinin müxtəlif bağ və istirahət guşələri, gəzinti xiyabanı nəzərdə tutulub. Burada investorlar tərəfindən tikinti işləri aparılır, infrastruktur və abadlıq işləri sona çatmaqdadır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərsu” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İB və “Delta Telekom” tərəfindən yaşayış kvartalında avtomobil yolları, su təchizatı, kanalizasiya və yağış suları sistemləri, elektrik xətləri, qaz təminatı boruları və IT kanal sistemləri çəkilməsi tamamlanmaq üzrədir.
Orta və yüksək hündürlüklü yaşayış və digər binalarla layihələndirilmiş Park kvartalında sakinlərin rahatlığı və səmərəli istirahəti üçün hərtərəfli şərait yaradılır. Bütün bunlar tezliklə Park kvartalını yaşayış üçün ən arzuolunan yerlərdən biri edəcək. Ümumilikdə kvartalın infrastruktur və abadlıq işlərinin ilin sonunadək yekunlaşması nəzərdə tutulur.

Tikinti̇ 2019-09-24 17:36:00