Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanın tərəqqisi xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir

Bakı, 24 sentyabr, AZƏRTAC

Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazanması, ölkədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, insan kapitalının inkişafı, xalqın mədəni və milli-mənəvi irsinin qorunub saxlanılması, mühüm transmilli enerji və nəqliyyat layihələrinin gerçəkləşdirilməsi xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Səs” Media Holdinqin rəhbəri Bəhruz Quliyev deyib.
Bəhruz Quliyev bildirib ki, dövlətimizin başçısının həyata keçirdiyi prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində ölkədə sosial-iqtisadi infrastruktur müasir tələblərə uyğun yenidən qurulub, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunda güclü potensialın formalaşdırılması, əhalinin sosial təminatı sahəsində inqilabi nəticələr əldə olunub. Bunu təkcə yerli siyasi və iqtisadi ekspertlər deyil, həm də dünyanın nüfuzlu reytinq və beynəlxalq təşkilatları də etiraf edirlər. Digər tərəfdən, Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər dünya ölkələrinə nümunə olaraq göstərilir.
“Azərbaycanda güclü sosial siyasət həyata keçirilir. Prezident İlham Əliyevin sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın və bütövlükdə cəmiyyətin rifahını təmin edir”, – deyən B.Quliyev əlavə edib ki, ilin əvvəlindən dövlətimizin başçısının təsdiqlədiyi iki böyük sosial paketin reallaşdırılması nəticəsində Azərbaycanda minimum əməkhaqqı və pensiya qaldırılıb, qaçqın və məcburi köçkünlərin həyat şəraiti yaxşılaşdırılıb, şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi təmin olunub.
“Səs” Media Holdinqin rəhbəri qeyd edib ki, Prezident İlham Əliyev hər zaman Azərbaycan xalqının yanındadır və xalqın dəstəyinə arxalanır. Prezidentin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir. Ölkə başçısı hər zaman xalqdan güc alıb, xalqımız da Prezidenti həmişə dəstəkləyib. Xalq-iqtidar birliyinin sarsılmazlığının əsasında da bu amil dayanır. Buna görə də Azərbaycan dövləti gələcəkdə daha da möhkəmlənəcək, daha da inkişaf edəcək.

 

 

Daxili siyasət 2019-09-24 15:42:00