×
A
A
A
Sazlamalar

Dövlətlərin nümayəndələri tibbin hamı üçün əlçatan olacağına söz veriblər

Bakı, 24 sentyabr, AZƏRTAC

BMT-nin mənzil-qərargahında səhiyyə xidmətləri ilə tam əhatə olunma məsələsi üzrə təşkil edilən yüksək səviyyəli iclasda səhiyyə sahəsində siyasi Bəyannamə qəbul olunub. Deklarasiyada dövlətlər tibbin hamı üçün əlçatan olmasını bəyan ediblər və ilkin tibbi-sanitariya yardımına xərclərin ÜDM-in bir-iki faizi həcmində artıracaqlarına söz veriblər.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, təşkilatın Baş katibi Antonio Quterreş və DST-nin rəhbəri Tedros Adhanom Hebreyesus bu qərarı səhiyyə sahəsində ən mühüm nailiyyətlərdən biri adlandırıblar.
BMT Baş katibinin sözlərinə görə, yeni Bəyannamə yoluxucu xəstəliklərə, o cümlədən İİV/QİÇS, vərəm və malyariyaya qarşı mübarizədə nailiyyətlərin əldə olunmasına şərait yaradacaq. Sənəd, eyni zamanda, xroniki xəstəliklərin yükünün azaldılması üçün təməl rolunu oynayacaq. Bəyannamədə reproduktiv sağlamlıq sahəsində xidmətlərə planet sakinlərinin ümumi əlçatanlığının bərabər təmin olunmasının zəruriliyi barədə danışılır. Bəyannamədə qadınların sağlamlığının müdafiəsi üzrə bir sıra tədbirlər nəzərdə tutulur. Ən əsası – yeni sənəddə söhbət tibbə, ilk növbədə, ilkin tibbi-sanitariya yardımına olan xərclərin vacibliyindən gedir.
“Əgər biz ümumi tibbi xidmətə nail olmağa və insanların həyatını yaxşılaşdırmağa köklənmişiksə, o zaman ilkin tibbi-sanitariya yardımına ən ciddi nəzəri yetirməliyik”, - deyə DST-nin baş direktoru Tedros Adhanom Hebreyesus bəyan edib.
Onun sözlərinə görə, həm ölkə daxilində, həm də ölkələr arasında ədalətsizliyə və yolverilməz qeyri-bərabərliyə son qoymağın vaxtı çatıb. Hazırda dünya əhalisinin 50 faizi keyfiyyətli və münasib qiymətə tibbi yardım almaq imkanından məhrumdurlar. Hər il tibbi xidmətlərə ciblərindən pul xərcləmək zərurəti ucbatından 100 milyonlarla insan dilənçi vəziyyətinə düşür. 925 milyon insan tibbə ailə büdcəsindən 10 faizdən çox xərcləyir, 200 milyon nəfər isə öz gəlirinin 25 faizini bu xərclərə sərf edir. Bununla yanaşı, tibbi yardıma ödəmələr nəticəsində dilənçi vəziyyətinə düşənlərə əhalinin bütün qrupları arasında rast gəlinir.
Dövlətlər ixtisaslı tibb işçilərinin ciddi çatışmazlığının öhdəsindən gələcəklərinə söz veriblər.

Səhiyyə 2019-09-24 15:17:00