×
A
A
A
Sazlamalar

Təhlükəsizlik tədbirləri davam etdirilir

Bakı, 24 sentyabr, AZƏRTAC 

Dərs ilinin başlanması ilə əlaqədar məktəblilərin iştirakı ilə yol-nəqliyyat qəzalarının baş verməməsi, həmçinin yol hərəkətinin normal fəaliyyətini təmin etmək məqsədilə gündəlik olaraq Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci taqımının əməkdaşlarının aidiyyəti üzrə xidməti təşkil edilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, taqımın əməkdaşları dərs qrafiki əsasında xidməti ərazidəki təhsil müəssisələrini nəzarətə götürərək xidmət həyata keçirirlər. Şagirdlərin dərsə gəlişi və dərsdən çıxışı vaxtları nəzərə alınaraq həmin ərazilərə və məktəbliləri gətirən avtomobillərin dayanıb azyaşlıları düşürüb-mindirməsinə nəzarət həyata keçirilir ki, nəqliyyatın hərəkətində sıxlıq və ləngimələr yaranmasın. Məqsəd dərsdən çıxan azyaşlıların piyada keçidlərindən istifadə etməklə, yolda rahat və təhlükəsiz hərəkətini təmin etmək, həmçinin nəqliyyatın hərəkət axınının normal qaydada təşkilini həyata keçirməkdir. Görülən tədbirlər valideynlər və müəllimlər tərəfindən də maraqla qarşılanır.
Yeni dərs ilinin başlanması ilə əlaqədar keçirilən “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı oktyabrın 15-dək davam edəcək.

 

Sosial 2019-09-24 13:13:00