×
A
A
A
Sazlamalar

Paytaxtın Zərgərpalan küçəsində təmir işlərinə başlanılıb VİDEO

Bakı, 24 sentyabr, AZƏRTAC

Yasamal rayonu, Zərgərpalan küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir işlərinə başlanılıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, təmir işləri küçənin 750 metrlik hissəsini əhatə edib. Küçənin sözügedən hissəsinin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar edilməsi nəticəsində yolboyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.
Hərəkət hissəsinin eni ortalama 6 metr olan küçəboyu aparılan təmir işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, köhnə səki daşları sökülür, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri bərpa olunur.
Vətəndaşların rahat və təhlükəsiz şəkildə küçənin kənarı ilə hərəkətini təmin etmək məqsədilə, küçəboyu hər iki tərəfdə piyada səkiləri bərpa edilir, kənarlarına yeni səki daşları düzülür. Qeyd olunan işlər çərçivəsində 1500 poqonmetr yeni səki daşının düzülməsi nəzərdə tutulub.
Daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçiriləcək. Asfaltlanma işləri ümumilikdə 5 min kvadratmetrə yaxın sahəni əhatə edəcək.
Bundan başqa, aparılan təmir-tikinti işləri zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri layihə hündürlüyünə qaldırılaraq baxış qapaqları yenilənəcək.
İşlərin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə yol qısa müddət ərzində yenidən vətəndaşların istifadəsinə veriləcək.
İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

Tikinti̇ 2019-09-24 11:56:00

Video