×
A
A
A
Sazlamalar

Ruandalı tələbələr Bakı Ali Neft Məktəbində təhsil alacaqlar

Bakı, 24 sentyabr, AZƏRTAC

Bu gün biz ali məktəbimizdə tələbələrə neft-qaz sənayesinin, istehsalatın incəlikləri ilə yanaşı, onlara bu sahədə kommersiya sirlərini də öyrədirik. Ruanda 12,6 milyon əhalisi ilə Afrikanın ən sıx məskunlaşılan dövləti hesab olunur. Ölkə intensiv inkişaf dövrünə qədəm qoyduğu üçün yüksəkixtisaslı kadrların hazırlanmasına ehtiyac duyulur. Hesab edirəm ki, Bakı Ali Neft Məktəbi ilə səmərəli əməkdaşlıq çərçivəsində Ruanda hökuməti ilə birgə təqaüd proqramları əsasında ruandalı mühəndislərin yetişdirilməsinə nail olmaq olar.
Bu fikirləri Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov ölkəmizin paytaxtında səfərdə olan Ruandanın Türkiyə Cümhuriyyətindəki səfiri Villiams Nkurunziza və səfirliyin Baş katibi Coel Uvizeye ilə görüşündə bildirib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə Elmar Qasımov rəhbərlik etdiyi ali məktəbin tarixi, fəaliyyət istiqamətləri, yeniliklər, professor-müəllim heyəti, eyni zamanda, tələbələrin uğurları haqda qonaqlara ətraflı məlumat verib. BANM-in beynəlxalq əlaqələrə üstünlük verdiyini, bu ali məktəbdə tədrisin beynəlxalq tədris proqramlarına əsasən aparıldığını deyən rektor Böyük Britaniyanın Heriot-Vatt, ABŞ-ın Corc Vaşinqton universitetləri, İsveçrənin Cenevrə Biznes Məktəbi ilə sıx əməkdaşlıq edildiyini, tələbə və təcrübə mübadiləsi həyata keçirildiyini diqqətə çatdırıb.
Rektor bildirib ki, bu gün Azərbaycanda elmə, təhsilə, müəllim və tələbələrə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, bu il Bakı Ali Neft Məktəbinin yüksək bal toplayan 23 tələbəsinin Prezident təqaüdünə layiq görüldüyünü diqqətə çatdırıb. Elmar Qasımov qeyd edib ki, bununla da ali məktəbin Prezident təqaüdçülərinin sayı 150 nəfərə çatıb.
Səfir Villiams Nkurunziza öz ölkəsində neft-qaz sənayesinin nisbətən yeni inkişaf etdiyini qeyd edərək, təcrübəli mütəxəssislərə ehtiyac olduğunu deyib: “Hazırda bizim ölkədə neft-qaz, energetika sahəsində azərbaycanlı mütəxəssislər kimi peşəkarlara ehtiyac var. Bu ehtiyacı nəzərə alaraq, Bakı Ali Neft Məktəbinin bütün ixtisasları üzrə təhsil almaq üçün tələbə göndərməyə maraqlıyıq”.
Tərəflər növbəti tədris ilindən ruandalı tələbələrin Bakı Ali Neft Məktəbində təhsil alması üçün ilkin razılığa gəliblər. Sonda yaxın zamanda ikitərəfli anlaşma memorandumunun imzalanması qərara alınıb.

Elm və təhsil 2019-09-24 12:02:00