×
A
A
A
Sazlamalar

Tokiodakı beynəlxalq festivalda “Jalə” nar şirələri Azərbaycanı uğurla təmsil edib VİDEO

Tokio, 24 sentyabr, AZƏRTAC 

Sentyabrın 22-23-də Tokioda keçirilən beynəlxalq festivalda “Jalə” nar şirələri Azərbaycanı uğurla təmsil edib.
AZƏRTAC xəbər verir ki, “Yaponiya Avrasiya Cəmiyyəti”nin təşkilatçılığı ilə keçirilən festivalda Rusiya, Belarus, Qırğızıstan, Qazaxıstan, Litva, Özbəkistan, Gürcüstan ilə yanaşı, Azərbaycan məhsulları da ziyarətçilərə təqdim olunub.
İki gün davam edən festivalda “Jale Japan” şirkətinin prezidenti Kyoko Yamamoto “Jalə” nar şirələrini, nar meyvəsi ilə əlaqədar müxtəlif suvenirləri, Azərbaycan mədəniyyətinin digər nümunələrini qonaqlara nümayiş etdirib. Həm “Jalə” nar şirələri, həm də qədim Azərbaycan mədəniyyətinin nümunələri ziyarətçilər və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. “Made in Azerbaijan” brendi olan nar şirələrinə, milli geyim nümunələrinə, suvenirlərə də böyük maraq göstəriblər.
AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə artıq beş ildir ki, Yaponiyada “Made in Azerbaijan” brendinin layiqli nümunəsi olan “Jalə” nar şirəsinin satışının təşkili ilə məşğul olduğunu bildirən xanım K.Yamamoto vurğulayıb ki, təbiiliyi və yüksək keyfiyyəti ilə seçilən bu məhsul digər ölkələrdən olan rəqiblərini asanlıqla üstələyir. Yaponiyanın ərzaq satışı marketləri, alıcılar bu Azərbaycan məhsuluna böyük maraq göstərirlər. Tanınmış market şəbəkələri böyük məmnunluqla öz piştaxtalarında “Jalə” şirəsinə yer ayırırlar. Bu festivalda da “Jalə” şirələrinə maraq böyükdür. Həm ziyarətçilər, həm də iştirakçılar böyük məmnuniyyətlə yüksək keyfiyyəti ilə seçilən bu nar şirəsinin dadına baxırlar.
Festivalda Azərbaycan stendinin böyük maraqla qarşılandığını qeyd edən “Yaponiya Avrasiya Cəmiyyəti”nin baş katibi Ryo Şirai isə bildirib ki, festivalın təşkilində məqsəd yerli sakinləri Yaponiyada yaşayan keçmiş SSRİ xalqlarının mədəniyyəti, ərzaq məhsulları, içkiləri ilə yaxından tanış etməkdir: “Belə tədbirlər həm də müxtəlif xalqların nümayəndələri arasında qarşılıqlı mehribançılığın, dostluq əlaqələrinin qurulmasına xidmət edir. Eyni zamanda, həmin məkanda yaşamış bu xalqların qədim mədəniyyəti ilə tanış olmağa imkan yaradır. Sevindirici haldır ki, bu il ilk dəfə Azərbaycan da bizim festivala qatılıb. “Jale Japan” şirkətinin təqdim etdiyi stendə çox böyük maraq var. Həm yerli sakinlər, həm iştirakçılar burada təqdim edilən milli suvenirlərə, geyimlərə və xüsusən də “Jalə” nar şirəsinə böyük maraq göstərirlər. Ümid edirəm ki, Azərbaycan stendi gələn festivallarda da bizimlə olacaq”.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

İqtisadiyyat 2019-09-24 11:50:00

Video