×
A
A
A
Sazlamalar

Dünyaca məşhur iki ifaçı eyni səhnəni bölüşəcək

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bolqarıstanın tanınmış violonçel ifaçısı Veliçka Yoçeva və Azərbaycanın Xalq artisti, pianoçu Murad Hüseynov konsert proqramı ilə çıxış edəcəklər.
AZƏRTAC xəbər verir ki, Veliçka Yoçeva Beynəlxalq Muğam Mərkəzinin səhnəsində ilk dəfə çıxış edəcək. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənəcək.
Biletləri iTicket.az-dan əldə etmək mümkündür.
Qeyd edək ki, Azərbaycanın tanınmış pianoçusu, Xalq artisti Murad Hüseynov musiqimizi dünyanın mötəbər səhnələrində layiqincə təmsil edən sənətkarlardandır. Fransanın məşhur “Mezzo” musiqi telekanalında ilk dəfə çıxış edən azərbaycanlı musiqiçi bu günə kimi dünyanın məşhur kollektivləri ilə eyni səhnəni bölüşüb.
Məşhur violonçel ifaçısı Veliçka Yoçeva Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunudur. Hazırda Kanadada yaşayan ifaçı bir çox nüfuzlu beynəlxalq müsabiqələrin qalibi olmaqla yanaşı, Monreal Universitetində elmi fəaliyyətini davam etdirir.

 

Mədəniyyət 2019-09-24 11:44:00