×
A
A
A
Sazlamalar

Sinxua: Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin-Azərbaycan əlaqələrinin inkişafını sürətləndirib

Pekin, 24 sentyabr, AZƏRTAC

Mühüm coğrafi mövqeyə malik olan Azərbaycan son illərdə regional nəqliyyatın inkişafına özünün strateji istiqamətlənməsini möhkəmləndirib.
AZƏRTAC xəbər verir ki, bu fikir Çinin milli xəbər agentliyi olan Sinxuanın "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin-Azərbaycan əlaqələrinin inkişafını sürətləndirib" adlı məqaləsində qeyd olunur.
Bildirilir ki, Azərbaycan özünü Avropa ilə Asiyanı birləşdirən enerji, nəqliyyat və logistika habı kimi tanıtmağı hədəfləyib. Azərbaycan hökuməti bu səylərin bir hissəsi olaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu infrastruktur və nəqliyyat sahəsində Çin-Azərbaycan əməkdaşlığını genişləndirmək üçün model layihə etməyə çalışır.
Yazıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu haqqında məlumat verilərək bildirilir ki, Şərqdə Qazaxıstanın Çin ilə sərhədində yerləşən Dostıq məntəqəsindən başlayan marşrut Qərbdə Bakıya qədər uzanır. Marşrut dəniz və dəmir yolundan ibarətdir və Çini Qazaxıstan, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya bağlayır. Hazırda Azərbaycan marşrut boyunca yerləşən ölkələr ilə tariflərin azaldılması və gömrük əməliyyatlarının qısaldılmasını əlaqələndirməklə daha çox beynəlxalq yükü bu yol ilə daşınmağa cəlb etməyə çalışır.
Məqalədə qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev apreldə Sinxua agentliyinə verdiyi müsahibədə Azərbaycan ilə Çin arasında yükdaşımalar sahəsində əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu vurğulamışdı. Dövlət başçısının həmin müsahibədə "Biz əsas sərmayəni yolların, avtomagistralların və hava limanlarının inşasına yönəldirik... Asiya və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çindən Avropaya və geriyə yük daşımaları üçün ən qısa nəqliyyat marşrutudur" fikirləri bir daha xatırladılır.
Müəllif yazır ki, həqiqətən son illər birgə səylər sayəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Çinin "Bir kəmər, bir yol" təşəbbüsünə inteqrasiyası istiqamətində əhəmiyyətli nəticələr əldə edilib. Çinin Sian şəhərindən yola çıxan blok qatarı iyulun 6-da Bakıya çatıb. Bu, "China Railway Express"in Bakıya dəmir yolu marşrutu ilə yük daşınmasının başlanğıcı idi. Bu yol ilə yüklər təyinat məntəqəsinə dəniz yolu ilə daşınmaya sərf olunan vaxtdan 20 gün daha tez çatır. "China Railway Express"in gələcəkdə daha çox yük daşımağı planlaşdırması ilə bu vacib yol "Bir kəmər, bir yol" strategiyasına qoşulmağa nail olacaq.
Məqalənin yekununda Azərbaycan ilə Çinin bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlığının regional tərəfdaşlığa və bölgədə yaşayan xalqlara fayda verməklə Azərbaycanın regional hab olmaq niyyətinin Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünə tam inteqrasiyasına gətirib çıxaracağı qeyd olunur.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Siyasət 2019-09-24 10:46:00