×
A
A
A
Sazlamalar

BP bir çox yeni texnologiyasını ilk dəfə Xəzərdə tətbiq edib

Həmin texnologiyalar “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi üzrə əməliyyatlar və layihələrdə uğurla tətbiq olunub

Bakı, 23 sentyabr, AZƏRTAC

Bu il 25 illiyini qeyd edən “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə sazişin operatoru olan BP özünü texnologiyalara əsaslanan şirkət hesab edir. AÇG yatağının işlənməsi ilə əlaqədar fəaliyyətlər bu təcrübəyə əsaslanır və ənənə üzərində qurulan investisiya xarakteri daşısa da, texnologiya sahəsində də öz zamanını qabaqlayaraq sənayenin ən müasir innovasiyalarını Xəzər regionuna gətirib.

BP-nin bir çox yeni texnologiyası Azərbaycanda AÇG yatağının işlənməsi ilə əlaqədar əməliyyatlar və layihələrdə uğurla tətbiq edilib. Onlardan bəziləri isə ilk dəfə Xəzərdə tətbiq olunub. Həmin texnologiyaların bəzilərinə nəzər yetirək.
• Uzaq məsafəyə maili qazma (UMMQ) texnologiyası platformadan olduqca uzaq məsafədə yerləşən hədəf quyulara çatmağa və bununla da hasilatı artırmağa imkan verir. BP-nin bu vaxtadək uzaq məsafəyə qazdığı ən uzun maili quyu “Çıraq” platformasından 6,4 kilometr məsafədə yerləşir. BP inanır ki, bu texnologiya qarşıdan gələn onilliklər ərzində şirkətə AÇG yatağında layın neftverimini maksimuma çatdırmağa imkan verəcək.
• Yüksək bucaqlı (qismən maili) qazma texnologiyası lay dəstəsinin qalınlığı böyük olan quyuların tamamlanmasına və beləliklə də hasilat templərinin (debitin) artırılmasına imkan yaradır.
• “BP Well Advisor” proqram təminatı real-vaxt rejimindəki məlumatlardan istifadə edərək quyu əməliyyatlarının təhlükəsiz, etibarlı və səmərəli şəkildə həyata keçirilməsini təmin edir. Onun inteqrasiya olunmuş tətbiqləri BP-yə imkan verir ki, quyunun konstruksiyasındakı potensial problemləri bildirən erkən xəbərdarlıq indikatorlarını ətraflı şəkildə izləsin və real-vaxt rejimində toplanan quyunun müşahidə göstəricilərini əməliyyat qərarlarının verilməsində istifadə etsin, qazma səmərəliliyini artırsın və qeyri-məhsuldar vaxtı azaltsın. “BP Well Advisor” proqramı Xəzər regionunda 2012-ci ildə tətbiq edilib və həmin vaxtdan hər 3 “Azəri” platformasında və “Dərinsulu Günəşli” platformasında qoruyucu kəmərin endirilməsini izləyən tətbiqi tam işlək vəziyyətdədir.
• BP 4 ölçülü seysmik tədqiqat sahəsində aparıcı mövqedədir və bu texnologiya artıq Xəzər dənizində tətbiq edilib. AÇG yatağında 132 kilometr uzunluğunda dənizdibi seysmik tədqiqat kabelləri quraşdırılıb.
• BP şirkəti Azərbaycanı quyuların tamamlanması sahəsində texnoloji təcrübənin əsas mərkəzi hesab edir. Fiber-optik kabellərlə təchiz edilmiş açıq lülədə çınqıl kipkəcli süzgəclər və iri diametrli borular kimi tamamlama texnologiyaları quyudan çıxan qum miqdarına nəzarət etməklə yanaşı, hasilatın daha yüksək templərlə həyata keçirilməsinə imkan verir. Digər BP regionlarında tətbiq edilməsindən əvvəl istismar müddətinin ilk günlərində AÇG-də qumlu laylar üçün nəzərdə tutulmuş müxtəlif növ tamamlama texnologiyaları (Qoruyucu kəmər yerləşdirilmiş və perforasiya edilmiş, Avtonom süzgəclər, Genişlənən qum süzgəcləri, İlkin kipkəcli süzgəclər və Açıq lülənin çınqıl kipkəcli süzgəci kimi) quraşdırılıb və sınaq edilib.
Hazırda AÇG-də istismarda olan quyuların standart tamamlanma konstruksiyasında açıq lülənin çınqıl kipkəci (ALÇK) tətbiq olunur. Bu, 2000-ci illərin əvvəllərində əsl irəliləyiş idi və BP bu texnologiyanı indi də effektiv hesab edir. Quyuların əksəriyyəti təbii propant materialı vasitəsilə kipkəclənir, lakin son vaxtlar qeyri-radioaktiv izlənə bilən propant (doldurucu) materialından istifadə olunur. Həmin dövrdən etibarən ALÇK tamamlama texnologiyası çox təkmilləşib. Azərbaycan, Gürcüstan və Türkiyə regionunda, həmçinin lülənin yuxarı intervalının təkrar tamamlama işləri zamanı qoruyucu kəmər olan lülədə çınqıl kipkəcli tamamlama üsulunun mümkün tətbiqi nəzərdən keçirilib. Qoruyucu kəmərli lülədə çınqıl kipkəcli tamamlama vasitəsi 2017-ci ildə “Şərqi Azəri” yatağının “D06” saylı istismar quyusunda müvəffəqiyyətlə quraşdırılıb.
• Tamamlanma mərhələsində tətbiq olunmuş bir sıra yeni texnologiyalar AÇG yatağının işlənmə metodunu dəyişdirib və nəticədə quyular təkmilləşdirilib, lay-kollektorun istismar göstəriciləri yaxşılaşıb və geoloji-texniki tədbirlər ilə əlaqədar xərclər azalıb.
- Paylanan temperatur sensorları (DTS): İlk fiber-optik kabel 2004-cü ildə AÇG hasilat quyusunda quraşdırılıb. Quyuağzı avadanlığa məhdud giriş-çıxış imkanı, müxtəlif lay-kollektor intervallarının ayrı-ayrı sahələrinin yüksək templə tükənməsi, ənənəvi istismar karotajı imkanlarının məhdud olması və sair amillər quyuların dinamikasını, lay-kollektorun istismar göstəricilərini nəzarətdə saxlamaq üçün quyularda daimi DTS fiber-optik kabellərinin quraşdırılması barədə qərarın qəbul olunmasına əsas verib.
- Paylanan akustik siqnal sensorları (DAS): Ötən 5 il ərzində bu texnologiya qum təzahürünün monitorinqi üçün geniş istifadə olunub. Nəticədə, qum təzahürü olmadan hasilat tempini maksimuma çatdırmaq üçün təzyiq düşməsi optimallaşdırılıb və müəyyən edilmiş qum təzahürü zonalarını təcrid etmək üçün geoloji-texniki tədbirlər həyata keçirilib.
- Quyudaxili seysmik tədqiqat: Səthdən alınan seysmik məlumatların keyfiyyəti enerji itkisinə məruz qalır və buna səbəb mənbədən məhsuldar laya və sonra isə səthə doğru geri məsafə qət edən enerji impulslarında baş verən itkidir. Bir istiqamətli enerji impulsunu qeydə almaq üçün quyu lüləsi daxilində qeydiyyat cihazının yerləşdirilməsi bu təsiri azaldır. Quyu daxilinə daimi fiber-optik kabel yerləşdirilərsə, bu fəaliyyət dəfələrlə təkrarlana bilir və beləliklə, quyu lüləsi ətrafında yüksək rezolyusiyalı 4 ölçülü təsvir təmin edilir. Bu da səthdəki seysmik cihazlara nisbətən daha dəqiq miqyasda maye hərəkətinə nəzarət etməyə və yaxud kollektordakı kiçik kipləşmə təsirlərini aşkar etməyə imkan verir. Bəzi AÇG quyularında quraşdırılmış fiber-optik kabel gələcəkdə 4 ölçülü seysmik məlumatların təkrar əldə olunması üçün istifadə ediləcək.
- Quyudibi axına nəzarət klapanı (QDAN):
• Genişlənən qum süzgəcləri və quyudibi axına nəzarət klapanı ilə tamamlanmış dünyanın ilk sualtı suvurma quyuları 2008-ci ildə “Dərinsulu Günəşli” yatağında istismara verilib. Bu tamamlama texnologiyaları tələb olunan xüsusi vurucu quyuların sayını azaldıb və onları dəniz dibindən işə salmaqla BP platformadan uzaq məsafəyə maili qazmaya olan zərurəti aradan qaldırıb. Bu tamamlama metodları həmçinin lay təzyiqinin düşməsini səmərəli şəkildə idarə etməkdə və sıxışdırma əmsalının artırmaqda, çoxzonalı neftvermə əmsalını maksimuma çatdırmaqda mədən mühəndislərinə kömək edib.
• BP-də quyudibi axına nəzarət klapanı ilə təchiz edilmiş ilk ikizonalı suvurma quyusu 2017-ci ildə istifadəyə verilib. İki texnologiyanın birgə tətbiqi 2 lay daxilində suvurmanı tənzimləməyə və qumlu laylarda çatların yayılmasını izləməyə və beləliklə iki vurma zonası boyunca qalınlıq üzrə paylanmanı təmin etməyə imkan verib.
• Dünyada DTS (paylanan temperatur sensorları) ilə təchiz edilmiş quyudibi axına nəzarət klapanına malik 3 zonalı suvurma quyusu 2018-ci ildə fəaliyyətə başlayıb. Bu isə çoxlaylı kollektorları müvafiq qaydada idarə etmək üçün AÇG-də bu inqilabi texnologiya üçün digər bir əlamətdar hadisə oldu və bu texnologiyanın BP-nin digər regionlarında tətbiqinə yol açıb.
• BP, həmçinin hasilat sisteminin hər bir elementi üçün müəyyənləşdirilmiş potensial riskləri azaltmağa və idarə etməyə yönəlmiş texnologiyalara diqqət yetirir. Bunlar qumun quyuya çıxmasının qarşısını almağa (və ya azaltmağa) imkan verən texnologiyalar və yaxud quyu konstruksiyasında hidratları bərpa etmək üçün yeni vasitələr ola bilər:
- Pulsasiyanı azaldan tənzimləyici qurğu - AÇG quyularında quyu lüləsində pulsasiyanın yaranması hasilatın davamlılığı üçün başlıca riskdir. Pulsasiyanın yüksək amplitudada olması və yüksək dərəcədə dəyişkən templərlə lay təzyiqinin azalması quyularda potensial olaraq quma nəzarətin sıradan çıxması riskini yaradır. Bu, həmçinin texnoloji qurğuların işinin dayanması və səmərəliliyin itməsi üçün risk yaradır. Pulsasiyanı tənzimləməyə yardım edən bu texnologiya bütün AÇG platformalarında tətbiq olunub.
- BP-nin Təzyiq düşməsinə nəzarət bloku - quyu dayandırıldıqdan sonra yenidən istismara buraxılarkən qeyri-sabitlik və debitin həddən artıq artırılması AÇG quyuları qum təzahürünə meylli olduğuna görə qum təzahürünə səbəb ola bilər. Bu texnologiya quyuya sabit təzyiq düşməsi tətbiq etməklə quyudakı təzyiqi tükənmə üçün hədəf göstərici səviyyəsində saxlamağa imkan verir. O, həmçinin quyuda debiti daha səmərəli və rəvan şəkildə artırmağa imkan verir. Sözügedən texnologiya hazırda 2 AÇG platformasında quraşdırılıb.
- Hasilatın modelləşdirilməsi, monitorinqi və optimallaşdırılması üçün vasitə (APEX): Yatağın idarə olunmasının optimallaşdırılması ilə əlaqədar çətinlikləri aradan qaldırmaq üçün quyu məhsuldarlığının optimallaşdırılması imkanını artırır.
• Ərsin (boru kəmərinin diaqnostika qurğusu) boru kəmərinin daxili vəziyyətini müayinə etmək, həndəsi göstəriciləri aşkarlamaq və qeydə almaq, boru kəmərləri ilə bağlı hər hansı korroziya məlumatlarını aşkar etmək üçün istifadə olunan xüsusi avadanlıqdır. Mühəndislərin boru kəmərinin daxilini görməsinə imkan yaratmaq üçün həmin məlumatlar ərsin borudan çıxarıldıqdan sonra kompüterə yüklənir. Bu proses həm də, avtomatlaşdırılmış diaqnostik ərsinləmə kimi də tanınır.
• Sualtı boru kəmərlərinin istismara yararlılığını təmin etmək üçün məsafədən idarə olunan aparatlardan və avtonom sualtı aparatlardan (ASA) istifadə etməklə ciddi müşahidə-nəzarət işləri aparılır. Bununla bağlı BP-nin rastlaşdığı çətinlik isə Xəzərin bulanıq sularına görə görünmə dərəcəsinin aşağı olmasıdır və bu, xüsusən də 25 metrdən az dərinliyə malik sularda özünü büruzə verir. Buna görə də, BP boru kəmərinin istismara yararlılığını təmin etməzdən əvvəl Xəzər dənizində indiyə qədər heç vaxt istifadə edilməmiş bir sıra ən müasir avadanlıqlardan istifadə edib. Həmin avadanlıqlar akustik tədqiqatlar həyata keçirir, müvafiq qaydada fəaliyyət göstərir və müşahidə-nəzarət işlərinin daha sürətlə və səmərəli şəkildə yerinə yetirilməsinə imkan verir. Xəzər regionu ASA texnologiyasından istifadə edən aparıcı regionlardan birinə çevrilib və bu əməliyyatlarla bağlı bilgiləri və təcrübələri BP-nin digər ölkələrdəki layihələri ilə paylaşır.
• Bəzi AÇG platformalarında qurğu və konstruksiyaların yoxlanılması üçün səyyar defektoskop və dron tipli bəzi yeni texnoloji vasitələr uğurla tətbiq olunub. Həmin texnologiyaların bütün AÇG platformalarında tətbiq sahələrini genişləndirmək üçün onların inkişaf etdirilməsi imkanları qiymətləndirilir.

Neft - qaz 2019-09-23 18:20:00