×
A
A
A
Sazlamalar

ADU-da ənənəvi Çin bayramı qeyd olunub

Bakı, 23 sentyabr, AZƏRTAC 

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ənənəvi Çin bayramına həsr olunmuş “Payızın ortası” adlı tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bu bayramın vaxtilə Azərbaycanda keçirilən tarixi Kövsəc mərasimi ilə oxşarlığı haqqında məlumat verib. O, həmrəylik xarakteri daşıyan hər iki bayramın ailə üzvləri, yaxın qohumlar və dostlarla bir yerdə qeyd edildiyini vurğulayıb.
Konfutsi İnstitutunun müəllimləri “Payızın ortası” bayramının tarixi və bununla bağlı əfsanələr haqqında məlumat veriblər.
Tədbirdə ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri bayramın simvollarından biri olan Aya həsr olunmuş qədim Çin şeirlərini oxuyub, Ay tanrısının rəqsini ifa ediblər.
Sonda qonaqlara evdəki rifah və xoşbəxtliyi simvolizə edən ənənəvi ay qoğalları təqdim edilib.

 

Elm və təhsil 2019-09-23 11:43:00