×
A
A
A
Sazlamalar

Pərviz Kazımov: Təhsildə qiymətləndirmə sahəsində dünyanın tanınmış mütəxəssisləri Bakıya toplaşıblar

Bakı, 23 sentyabr, AZƏRTAC
IAEA genişmiqyaslı beynəlxalq konfransdır. İkinci dəfədir ki, Bakı bu konfransa ev sahibliyi edir. Təhsildə qiymətləndirmə sahəsində dünyanın tanınmış mütəxəssisləri Bakıya toplaşıblar. Onlarla fikir mübadiləsi aparmaq, təqdimatlarını dinləmək dünyadakı yeni tendensiyalarla tanış olmağımıza imkan yaradacaq.
Bu fikirləri AZƏRTAC-a IAEA 2019-un “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusuna həsr olunan 45-ci illik konfransının iştirakçısı Pərviz Kazımov deyib. O bildirib ki, Azərbaycanın təhsildə mərkəzləşdirilmiş qiymətləndirmə sistemi dünyanın aparıcı ölkələrinin analoji sistemləri ilə bir sırada dayanır Azərbaycan öz təcrübələrini digər ölkələrlə bölüşür.
"Konfransdan gözləntilərimiz çoxdur. İlk növbədə, dünyada aparıcı yer tutan ən qabaqcıl təcrübəni, təhsildə qiymətləndirmədə istifadə olunan metodları, alətləri öyrənməyə, onların tətbiq olunmasında incəlikləri mənimsəməyə çalışacağıq. Azərbaycan təhsil sistemində tətbiq olunan qiymətləndirmə meyarları dünya standartlarına tam uyğundur. Amma fərqli yanaşmalarla tanış olaraq, onları dünya mütəxəssisləri ilə bir yerdə müzakirə edərək yeni nəticələr əldə edəcəyimizə əminəm", - deyə Pərviz Kazımov qeyd edib.
Xatırladaq ki, IAEA ümumi və ali təhsil müəssisələrində, müxtəlif təşkilatlarda və iş yerlərində təhsilin qiymətləndirilməsində iştirak edən qurumlar üçün yaradılmış qlobal forumdur. IAEA hər il təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə ki, biliyin qiymətləndirilməsi sahəsində dövlətlərarası əməkdaşlığın qurulması, bu istiqamətdə təcrübə mübadiləsinin aparılması, yeni qiymətləndirmə metodlarının tətbiqi məqsədilə yaradılmış IAEA ilə sıx əməkdaşlıq edir. 2007-ci ildə IAEA-nın 33-cü illik konfransı DİM-in təşkilatçılığı ilə MDB və Şərqi Avropa dövlətləri arasında ilk dəfə Azərbaycanda keçirilib.
Dövlət İmtahan Mərkəzi IAEA 2019-un yerli və xarici mediada geniş işıqlandırılması üçün Azərbaycan Dövlət İnformasiya Agentliyini (AZƏRTAC) rəsmi media tərəfdaşı seçib.

Elm və təhsil 2019-09-23 12:00:00