×
A
A
A
Sazlamalar

“The Wall Street Journal”: Səudiyyə Ərəbistanında neft obyektlərinin tam bərpasına bir neçə ay tələb olunur

Bakı, 23 sentyabr, AZƏRTAC 

ABŞ-ın “The Wall Street Journal” nəşrinin məqaləsində bildirilir ki, Səudiyyə Ərəbistanında “Aramco” şirkətinin dronların və raketlərin hücumlarına məruz qalmış neft obyektlərinin tam bərpasına 10 gün deyil, bir neçə ay tələb olunur. AZƏRTAC xəbər verir ki, Amerika nəşri bu məqaləsində Səudiyyə Ərəbistanının vəzifəli şəxsləri və şirkətin operatorlarına istinad edib.
Həmin mənbələrin qəzetə verdikləri məlumatda qeyd olunur ki, son günlər “Aramco” şirkətindən özünün müxtəlif operatorları, o cümlədən ABŞ-ın “General Electric” firmasına təcili yardıma ehtiyacı olması barədə çoxlu məktublar daxil olub. Həmin tərəfdaşlardan Abqaiq və Xuraysda yerləşən neft emalı zavodlarının təmiri üçün ehtiyat hissələrinin göndərilməsi xahiş olunur və gələcəkdə bütün zərərlərin ödəniləcəyi vədi verilir. Qeyd olunur ki, avral işləri Krallığa yüz milyonlarla dollara başa gələcək. Səudiyyə Ərəbistanının neft şirkətindəki mənbə qəzetə bildirib ki, neft hasilatı ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil.
Qəzet yazır ki, digər mənbələr əvvəllər çox rentabelli olan “Aramco” səhmlərinin ilkin yerləşdirilməsi planının da təhlükə altında olduğunu qeyd edirlər. Krallığın Maliyyə naziri Məhəmməd ben Abdulla əl-Cadaan isə “Bloomberg” agentliyinə müsahibəsində deyib ki, Ər-Riyad bu planı əvvəllər olduğu səviyyədə reallaşdıracaq. Onun sözlərinə görə, bu proses qarşıdakı 12 ayda həyata keçiriləcək.
Xatırladaq ki, Səudiyyə Ərəbistanın iki böyük neft emalı zavodu sentyabrın 14-də hücuma məruz qalıb. Diversiya zamanı 10 pilotsuz aparatdan istifadə edilib. Hücumlar nəticəsində dünyanın ən böyük neft ixracatçısının hasilatı gündəlik 9,8 milyon barreldən 5,7 milyona düşüb.

Dünya 2019-09-23 11:50:00