×
A
A
A
Sazlamalar

Skandinaviya ölkələri Böyük Britaniyanın Aİ-dən zəruri razılaşma olmadan çıxmasına hazırlaşırlar

Stokholm, 23 sentyabr, AZƏRTAC

Skandinaviya ölkələri Böyük Britaniyanın Aİ-dən zəruri razılaşma olmadan çıxmasına (sərt Brexit) hazırlaşırlar.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Aİ-dən çıxma tarixinin yaxınlaşması ilə əlaqədar İsveç, Danimarka və Norveç hökumətləri son aylarda çox narahatlıq keçirirlər. Onlar bu hadisələrin ən pis ssenari üzrə baş verəcəyi halda ziyanı minimuma endirmək üçün qabaqlayıcı tədbirlər görürlər.

İsveç
İsveç hökuməti avqust ayında müvafiq təhlil apardıqdan sonra bu nəticəyə gəlib ki, Böyük Britaniyanın Aİ-dən zəruri razılaşma olmadan çıxması riski artıb. Tərəflər arasında sazişdən imtina edilməsinin ən ciddi nəticələrini aradan qaldırmaq üçün İsveç hökuməti bir neçə nazirliyi birləşdirib, ticari-iqtisadi və miqrasiya problemlərinə hazırlaşmaq üçün bir sıra tədbirlər görüb. Hökumət şirkətlərə və fiziki şəxslərə məlumat verib ki, yeni gömrük qaydaları tətbiq edilə bilər. İki tərəf arasında müvafiq sazişlərdən imtina ediləcəyi halda yarana biləcək problemlərin öhdəsindən gəlmək üçün İsveçin gömrük orqanına kömək göstərilib, ona müvafiq tapşırıqlar verilib.

Danimarka
Yeni Baş Nazir Mette Frederiksen başda olmaqla Danimarka hökuməti də bu ölkənin təbəələrinə və şirkətlərinə vəd edib ki, Brexitin Krallığa təsirini minimuma endirməyə çalışacaq. Frederiksen avqust ayındakı çıxışlarının birində deyib: “Mən Danimarkanın Baş Naziri kimi deməliyəm ki, hər hansı sövdələşmə olmayacağını güman etmək üçün çox əsas var. Buna görə də biz hazırlaşmalıyıq”.
Əgər Böyük Britaniya Aİ-dən razılaşma olmadan çıxarsa, Danimarka başqalarından çox zərər çəkəcək ölkələrdən biridir. Bu onunla bağlıdır ki, Böyük Britaniya Krallığın ən iri ixrac bazarlarından biridir. Buna görə Danimarka hökuməti Böyük Britaniya ilə Avropa İttifaqı arasında münasibətlər kəskinləşəcəyi halda hökumətin strategiyası və iş metodları göstərilən fəaliyyət proqramı hazırlayıb. Danimarka hökumətinin planında sövdələşməsiz Brexit ssenarisi ilə məşğul olan nazirlərin daxil olduğu xüsusi qrup yaradılması nəzərdə tutulur. Planda, həmçinin qəza hazırlıq sistemi yaradılması nəzərdə tutulur. Bu sistem nazirliklərdə dövlət xidmətlərinə təzyiq göstərilməsi və qabaqcadan nəzərdə tutulmayan başqa problemlərlə məşğul olmalıdır.
Brexitin əmək bazarına təsirindən zərər çəkən insanlara kömək məqsədilə məşğulluq mərkəzləri və əmək bazarı ilə hökumətin əlaqəsi fəallaşdırılıb. Biznesin dəstəklənməsi tədbirlərinə gəldikdə, hökumət kommunikasiyaların gücləndirilməsini, müəssisələrə məsləhətlər verilməsini, kiçik və orta müəssisələrə xüsusi diqqət yetirilməsini elan edib. Krallıqda bu prosesdə zərər çəkə biləcək şirkətlərin vergi öhdəliklərinin azaldılması təşəbbüsləri də nəzərdən keçirilir.

Norveç
Fyordlar ölkəsində də həyəcanlanmağa əsas var. Yaxın vaxtlarda Almaniyada aparılmış tədqiqatlara görə Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından ən çox iqtisadi itkiyə məruz qalacaq ölkələr Böyük Britaniya özü, Lüksemburq və Norveç olacaq. Bu onunla bağlıdır ki, Danimarka kimi Norveçin də əsas ticarət tərəfdaşlarından biri Böyük Britaniyadır. Proqnozlara görə məhz bu səbəbdən əgər Böyük Britaniya Aİ-ni ticarət sövdələri bağlanmadan tərk edərsə, Norveç hökuməti ölkənin hər sakininə 220 avro məbləğində zərərə düşəcək. Lakin əgər Birləşmiş Krallıq Aİ-dən çıxmaq barədə razılığa gələ bilərsə, bu halda itkilər azalaraq adambaşına 120 avroya bərabər olacaq.
Norveç hökumətində bunu yaxşı başa düşürlər. Ona görə də əgər Böyük Britaniya razılaşma olmadan oktyabrın 31-dək Aİ-ni tərk edərsə, bu halda Böyük Britaniya ilə Norveç arasında saziş bağlanacağı elan edilib. Qeyd etmək lazımdır ki, İsveç və Danimarkadan fərqli olaraq Norveç Aİ-yə daxil deyil, lakin Aİ ilə sıx ticari münasibətləri var.
Sərt Brexit o deməkdir ki, Böyük Britaniya Avropa İttifaqını zəruri sazişlər bağlanmadan tərk edəcək. Bu halda xüsusi sazişlər Britaniya və Avropa şirkətlərinin bir-biri ilə ticarət aparmalarına imkan verir. Lakin əgər Aİ liderləri ilə Böyük Britaniya siyasətçiləri arasında xüsusi saziş əldə edilməsə, Böyük Britaniya Aİ-ni sövdələşməsiz tərk edə bilər.
Ekspertlərin fikrincə, Böyük Britaniyanın Aİ-dən razılaşma əsasında və ya razılaşmasız çıxmasından asılı olmayaraq Böyük Britaniya və Aİ üzvü olan ölkələr arasında ticarət münasibətləri zəifləyəcək, iqtisadi artım azalacaq. Lakin bu, siyasətçiləri gurultulu bəyanatlar verməkdən çəkindirmir. Məsələn, Böyük Britaniyanın Baş Naziri Boris Conson bildirib ki, bu prosesin necə baş verməli olması barədə Aİ liderləri ilə razılaşma əldə edilib-edilməməsindən asılı olmayaraq Böyük Britaniya oktyabrın 31-də Aİ-ni tərk edəcək. Britaniya Baş Nazirinin bu sözləri dərhal bütün dünyaya yayılıb. Hərçənd, hökumətin yeni rəhbəri Birləşmiş Krallığın parlamentində sərt müqavimətlə üzləşib. Bununla belə, Aİ və Böyük Britaniya arasında razılaşma əldə edilməsi üçün qalan vaxt get-gedə azalır.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm 

Dünya 2019-09-23 11:48:00