×
A
A
A
Sazlamalar

Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının iştirakçılarına

Hörmətli konfrans iştirakçıları! 

Əziz qonaqlar!
Sizi Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının açılışı münasibətilə səmimi qəlbdən salamlayıram. Belə mötəbər tədbirin ölkəmizin paytaxtında yenidən keçirilməsindən məmnunluğumu bildirirəm.
Biliyin qiymətləndirilməsi təhsil sahəsinin ayrılmaz tərkib hissəsidir. Müxtəlif bilik və bacarıqların yoxlanılması zamanı nəticələrin obyektiv qiymətləndirilməsi və müasir ölçmə metodlarından istifadə edilməsi böyük əhəmiyyətə malikdir. “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusuna həsr olunan hazırkı konfrans bu baxımdan təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılmasına, eləcə də qiymətləndirmə və qərarvermədə yeni tendensiyaların yaradılmasına öz töhfəsini verəcəkdir.
Azərbaycanın təhsil sistemində son illərdə bir sıra uğurlar qazanılmışdır. Biz postsovet məkanında müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdənik. Sistemin fəaliyyəti cəmiyyətimiz və qiymətləndirməni təşkil edən forumlar tərəfindən indi də yüksək dəyərləndirilir. Ölkəmizdə, eyni zamanda, beynəlxalq qiymətləndirmənin inkişaf prinsiplərinə əsaslanaraq lazımi araşdırmalar aparılmış və bu istiqamətdə normativ-hüquqi baza təkmilləşdirilmişdir.
Qərar qəbuletmə prosesində qiymətləndirmənin etibarlılığı və daha düzgün qərar qəbul etmək üçün müvafiq qiymətləndirmə üsullarının müəyyən edilməsi aktual məsələlərdəndir. Əminəm ki, 55 ölkədən 300-dən artıq ekspertin qatıldığı konfransınızda qiymətləndirmə sisteminin müxtəlif aspektləri ilə bağlı geniş müzakirələr yeni qiymətləndirmə texnologiyalarının səmərəli tətbiqində və standartların formalaşdırılmasında mühüm rol oynayacaqdır.
Hamınıza cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

 

Mehriban Əliyeva
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

Bakı şəhəri, 23 sentyabr 2019-cu il.

Məktublar 2019-09-23 11:52:00