×
A
A
A
Sazlamalar

Azərbaycan Turizm Bürosu Çinin ən böyük onlayn turizm platformaları ilə əməkdaşlığa dair memorandum imzalayıb VİDEO

Pekin, 23 sentyabr, AZƏRTAC
Azərbaycan Turizm Bürosu və Çinin tanınmış onlayn səyahət platformaları olan "Ctrip.com İnternational Ltd" və "Qyer" arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.
AZƏRTAC xəbər verir ki, xaricə səyahət edən turistlərin sayına görə dünyada birinci yerdə olan Çindən ölkəmizə səfər edənlərin sayının artırılması istiqamətində ardıcıl işlər aparılır. Bu baxımdan Çinin əsas turizm və sayəhətlərin təşkili üzrə ixtisaslaşan nüfuzlu şirkətləri ilə əməkdaşlıq xüsusi qeyd olunmalıdır. Azərbaycan Turizm Bürosu ilə "Ctrip.com İnternational Ltd" və "Qyer" arasında imzalanan əməkdaşlığa dair anlaşma memorandumları iki ölkə arasında turizm sahəsində əlaqələrə müsbət təsir edəcək.
Memorandumların imzalanmasında məqsəd Çin bazarına yönəlmiş turizm məhsullarının ortaq əməkdaşlıqla inkişaf etdirilməsi və Azərbaycana səfər edən Çin vətəndaşlarının sayını artırmaqdır.
İmzalanma mərasimində çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, son illər Azərbaycanda müasir turizm infrastrukturunun yaradılması və turizm xidmətlərinin yüksəldilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Ölkəmizin turizm imkanları barədə məlumat verən icraçı direktor deyib ki, gözəl təbiəti, rəngarəng iqlimi, tarixi və müasir memarlığı, təbii müalicəvi yerləri, müasir infrastrukturu ilə Azərbaycan populyar turizm ölkəsinə çevrilməkdədir. Bunun nəticəsidir ki, turizm sektorunda əhəmiyyətli inkişaf, habelə Azərbaycana səfər edən əcnəbi turistlərin, o cümlədən çinlilərin sayında ciddi artım müşahidə olunur. Ötən il Çindən Azərbaycana 13 min nəfər səfər edibsə, cari ilin 8 ayında bu say 17 min nəfər təşkil edib.
"Ctrip" səyahətlərin təşkili şirkətinin vitse-prezidenti Ceyms Tan bildirib ki, təmsil etdiyi platforma hotel rezervasiyası, səyahət biletlərinin bronlaşdırılması, qrup və fərdi turizm səfərlərinin, bayram tətillərinin təşkili üzrə 300 milyondan çox istifadəçiyə xidmət göstərir. "Ctrip" Asiya qitəsində ən böyük onlayn turizm xidmətləri göstərən birinci, dünyada isə ikinci platformadır.
O, "Bir kəmər, bir yol" təşəbbüsü üzrə Çinin vacib və yaxın tərəfdaşı olan Azərbaycanın gözəl təbiəti, fərqli mədəniyyətləri ilə çinli turistlərin maraq dairəsində olduğunu deyib. "Ctrip" şirkəti Azərbaycan Turizm Bürosu ilə əməkdaşlıq edərək, öz imkanlarından yararlanmaqla Azərbaycanın turizm potensialının Çində tanıdılmasına və turizm sahəsində əlaqələrin genişlənməsinə çalışacaq.
"Qyer.com" şirkətinin idarə heyətinin sədri Brayn Siao Azərbaycanın təkcə zəngin neft-qaz yataqlarına malik ölkə olmadığını, həm də təbii şəraiti, nadir yerlərindən olan "Qobustan" qoruğu da daxil olmaqla tarixi abidələri, müxtəlif səyahət məntəqələri ilə diqqət çəkdiyini deyib. Bildirib ki, Şərq və Qərb mədəniyyətinin qovuşduğu məkan olan Azərbaycan fərqli istəkləri olan turistlərin səyahət edə biləcəyi ölkələrdəndir. O, səyahət üzrə ixtisaslaşmış sosial şəbəkə olan "Qyer.com" platformasının 100 milyondan çox istifadəçisi olduğunu bildirərək, Azərbaycana səfər etmiş istifadəçilərin ölkəmizlə, o cümlədən tarixi abidələr, təbii mənzərələr, palçıq vulkanları ilə bağlı xeyli müsbət rəylər yaydıqlarını, bu rəylərin platformada paylaşılaraq bəyənildiyini diqqətə çatdırıb.
Tədbirdə Azərbaycanın turizm potensialına dair videoçarxlar nümayiş olunub, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələrinin ifasında milli rəqslərimiz təqdim olunub.
Bundan başqa, Çinin Pekin, Şanxay və Quançou şəhərlərində Azərbaycanın turizm potensialının təqdimatı olub, "Azerbaijan-China Roadshow on Travel Trade" adlı tədbirdə Azərbaycandan 12, Çinin hər üç şəhərindən 250-ə yaxın turizm şirkəti iştirak edib. Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər baş tutub. İkitərəfli görüşlər zamanı mümkün əməkdaşlıq imkanları qiymətləndirilib və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 2018-ci ilin dekabrından etibarən Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyətə göstərir.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Turizm 2019-09-23 11:10:00

Video