Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Cəbhə kəndinin sakini: Dövlətimizin qayğısını daim üzərimizdə hiss edirik

Ağdam, 23 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Ölkəmizdə sosial-iqtisadi infrastruktur müasir tələblərə uyğun yenidən qurulub, sabitlik və təhlükəsizlik təmin edilib. Biz cəbhə bölgəsinin sakinləri dövlətimizin bu uğurlarını yüksək qiymətləndirir, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyirik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Ağdam rayonunun cəbhə bölgəsində yerləşən Qaradağlı kəndinin ziyalısı Rizvan Zeynalov bildirib.
Respublikamızın bütün bölgələrinin inkişaf etdiyini, kənd və qəsəbələrinin abadlaşdırıldığını, əhalinin sosial təminatı sahəsində yüksək nəticələrin əldə olunduğunu bildirən Ağdam sakini deyib: "Ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət sayəsində paytaxt və iri şəhərlərlə yanaşı, rayon mərkəzlərinin, kənd və qəsəbələrin də siması dəyişib. Respublikamızın hər yerində geniş tikinti-quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir, məktəblər, uşaq bağçaları inşa edilir və ya əsaslı təmir edilir, yollar çəkilir. Mənim yaşadığın Qaradağlı kəndi də təmas xəttinə çox yaxın məsafədə yerləşməsinə baxmayaraq, dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. Kəndimizdə məktəb binası əsaslı təmir edilib. Məktəbin məzunları hər il yüksək göstəricilərlə ali məktəblərə qəbul olurlar. Kəndə telefon xətti çəkilib, fasiləsiz internet, qaz, elektrik, içməli su ilə təmin olunub. Kəndimizi rayonun digər kənd və qəsəbələri ilə birləşdirən avtomobil yolu yenidən qurulub. Biz cəbhə bölgəsinin sakinləri dövlətimizin qayğısını daim üzərimizdə hiss edirik".

Regionlar 2019-09-23 10:44:00