×
A
A
A
Sazlamalar

IAEA 2019: Qiymətləndirmə və qərar qəbuletmə istiqamətində müzakirələrə ehtiyac var

Bakı, 23 sentyabr, AZƏRTAC
Keçmiş təcrübəyə və ötən il Oksfordda "Qiymətləndirmə və böyük verilənlər" mövzusu üzrə keçirilən konfransın nəticələrinə əsaslanaraq söyləyə bilərik ki, əksər qiymətləndirmə zamanı məlumatların azlığı qarşıya çıxan problemlər arasında yer almır. Çünki əslində əksər hallarda aydın qərar qəbul etmək üçün kifayət qədər çox məlumat bazası olur. Buna görə də builki konfransın mövzusunu daha çox müzakirəyə ehtiyac duyulan istiqamətdə - "Qiymətləndirmə və qərar qəbuletmə" kimi müəyyən etdik.
AZƏRTAC xəbər verir ki, bu fikri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sentyabrın 23-də Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın "45-ci illik beynəlxalq konfransının (IAEA 2019) rəsmi açılış mərasimində söyləyib. O bildirib ki, konfransda qərar qəbuletmənin müxtəlif perspektivləri müzakirə ediləcək. Bu sıraya ibtidai təhsildə test, dil biliklərinin qiymətləndirilməsi, qiymətləndirmə sistemləri, sinif qiymətləndirməsi, qiymətləndirmə fəlsəfələri, qiymətləndirmənin yoxlanılması sistemləri, qiymətləndirmənin tərtib olunması, müəllimlərin sertifikasiyası daxildir. Həmçinin qərar qəbuletmə, siyasətin formalaşdırılması, ali təhsil, qiymətləndirmə strategiyaları, müəllim inkişafı, psixoloji qiymətləndirmə, müəllim hazırlığı və qiymətləndirmə, yazı işlərinin qiymətləndirilməsi, validlik, qiymətləndirmə metodları, müqayisəli tədqiqatlar, diaqnostik qiymətləndirmə, qiymətləndirmə standartları, testdə keyfiyyətin təmin olunması, seçim üçün qiymətləndirmə, texnologiya, qiymətləndirmə islahatları, qiymətləndirmənin tətbiqi modelləri, qəbul proqnozları, regional inkişaf müzakirə olunacaq əsas mövzulardır.
Xatırladaq ki, IAEA 2019 sentyabrım 27-dək davam edəcək.

Elm və təhsil 2019-09-23 10:00:00