×
A
A
A
Sazlamalar

Şəhid məzarlarına və xatirə güşələrinə vətəndaşların diqqəti daha da artırılacaq

Bakı, 22 sentyabr, AZƏRTAC

“Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun üzvləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsi çərçivəsində Cəllabad rayonunun Günəşli kəndinin el məzarlığında dəfn edilmiş, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda canlarını vermiş şəhidlərin məzarlarını ziyarət edib və onların vəziyətləri ilə bağlı monitorinq keçiriblər.
“Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondundan AZƏRTAC-a bildiriblər ki, təşkilatın prezidenti Sərraf Oruc bununla bağlı keçirilən tədbirdə rəhbəri olduğu layihənin məqsədi haqqında məlumat verib. Bildirib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olanlar üçün Bakıda və bölgələrdə Şəhidlər xiyabanı salınıb və orada dəfn ediliblər. Bəzi şəhidlər isə onların valideynlərinin arzusu ilə Bakının digər yerlərində və rayonların el məzarlıqlarında dəfn olunublar. Monitorinqlər zamanı məlum olub ki, dəfn edilmiş bəzi şəhidlərin məzarları və xatirə güşələri onların valideynləri vəfat etdikdən sonra baxımsız qalıb. Lerik rayonunun Rvarud kəndində Qarabağ şəhidlərinin xatirəsinə ucaldılmış abidə, Cəllabad rayonunun Günəşli kəndinin, Astara rayonun el məzarlığında və rayonun Şiyəkəran kəndinin məzarlıqlarında şəhid məzarlarının üstündə düzəldilmiş çardaq örtükləri isə kənd sakinləri tərəfindən şəhidlərimizə verilən yüksək dəyərdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində, Qarabağ müharibəsində şəhid olmuş ailələrin sosial müdafiəsi dövlət qurumlar tərəfindən təmin olunur və onların sosial təminatı günü-gündən yaxşılaşdırılır. Belə vətəndaşlarımızn sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını artırmaq məqsədilə ulu öndər Heydər Əliyev çoxsaylı müvafiq fərman və sərəncamlar imzalayıb. Hazırda şəhid aillərinə göstərilən yüksək diqqət və qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019–cu ildə qrant müsabiqəsində qalib olmuş ən aktual və cəmiyyət üçün ciddi məsələlərdən biridir.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədir müavini Məcid Məmmədov diqqətə çatdırıblar ki, layihə gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına müsbət təsir göstərəcək. Belə ki, şəhidlərimizin qəhrəmanlıqları gənclərin hərbi vətənpərvərlik ruhunda böyümələri üçün nümunədir.

Sosial 2019-09-22 21:48:00