×
A
A
A
Sazlamalar

Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər üçün daha bir imtahan keçirilib

Bakı, 21 sentyabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsində (DGK) gömrük təmsilçiliyi fəaliyyəti ilə məşğul olan şirkətlərin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisləri üçün cari ildə sayca 7-ci imtahan keçirilib.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, imtahan prosesinə DGK-nın Baş İdarə rəisləri və aidiyyəti qurumların nümayəndələri nəzarət edib. İmtahanda iştirak edən 55 nəfər öz bilik və bacarığını sınaqdan keçirib. Bu günədək Dövlət Gömrük Komitəsinə müraciət edənlərdən 535 nəfəri imtahanlarda iştirak edib, namizədlərdən 229-u isə yüksək nəticələr qazanıb.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsi sözügedən imtahanları gömrük təmsilçiliyi institutunun formalaşdırılması və təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarının artırılması, fəaliyyətin mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə həyata keçirir.

 

İqtisadiyyat 2019-09-21 18:26:00