×
A
A
A
Sazlamalar

Masallıda qoyun oğurluğu ilə məşğul olan şəxs saxlanılıb

Cəlilabad, 21 sentyabr, Bağır Əliyev, AZƏRTAC 

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində təsərrüfatlardan qoyun oğurluğu ilə məşğul olan Cəlilabad sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Masallı rayonunun Kürdəbaz kənd sakini Ə.Səmədov həyətindəki tövlədən 6 baş qoyunun oğurlanması ilə bağlı polisə müraciət edib.
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq faktını Cəlilabad rayonunun Xəlilabad kənd sakini, əvvəllər məhkum olunmuş Mətləb Məstiyevin Masallı rayonunun Çaxırlı kənd sakini F.Abdullayeva ilə birlikdə törətdiyi məlum olub.
Araşdırmalarla həmin şəxslərin sentyabrın 1-də Masallı rayonunun Alışanlı kəndindəki X.Əliyevə məxsus həyətdəki tövlədən də 6 baş qoyun oğurladıqları müəyyən edilib.
Saxlanılan M.Məstiyev törətdikləri əməli etiraf edib və oğurladıqları qoyunları Cəlilabad bazarında satdığını bildirib.
Hər iki faktla bağlı araşdırma aparılır.

 

Regionlar 2019-09-21 18:16:00