×
A
A
A
Sazlamalar

Piramidalar ölkəsində gənc Azərbaycan rəssamlarının 20-ci yubiley sərgisi

Bakı, 21 sentyabr, AZƏRTAC

“Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən Misirdə azərbaycanın gənc rəssamlarının 20-ci yubiley sərgisi açılacaq.
Bu barədə AZƏRTAC-a məlumat verən mərkəzin direktoru İslam Baxşəliyev bildirib ki, bu məqsədlə sentyabrın 25-də 6 nəfərdən ibarət nümayəndə heyəti Misirə yola düşəcək. Onun sözlərinə görə, sərginin keçirilməsinə Misirin Azərbaycandakı səfirliyi, bu ölkənin Mədəniyyət Nazirliyi və Azərbaycanın Misirdəki səfirliyi dəstək verib.
“Bizim üçün çox əlamətdardır ki, 20-ci yubiley sərgimiz məhz insan sivilizasiyasının beşiyi sayılan Piramidalar ölkəsində keçiriləcək”, - deyə mərkəzin rəhbəri bildirib.
Sərginin açılışı sentyabr 26-da Misirin 4-cü muzeyi sayılan Əhməd Şeyx adına “Kamet İbn Haniea” Muzeyinin sərgi salonunda baş tutacaq. Sərgidə gənc rəssamlarımızdan Turac Seyidbəyli, Nəzrin Nəcəfova, Qəmər Ağazadə, Rəşidə Hüseynova və Humay Səfərzadə iştirak edir və onların 33 rəsm əsəri nümayiş olunacaq.
İslam Baxşəliyev bildirib ki, analoji sərgilər bir çox Avropa ölkələrində, Dubayda və Sinqapurda keçirilib. İndiyə kimi keçirilən sərgilərdə 340 rəssam iştirak edib və onların 1668 rəsm əsəri nümayiş olunub.

 

Mədəniyyət 2019-09-21 16:43:00