×
A
A
A
Sazlamalar

Aİ-nin Azərbaycandakı nümayəndəsi insanları təbiətə qarşı daha qayğıkeş olmağa çağırıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Bu gün Avropa İttifaqının 141 ölkədə fəaliyyət göstərən nümayəndəliklərinin əməkdaşları çimərliklərə toplaşaraq, dənizlərin, okeanların çimərliklərini plastik tullantılardan təmizləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas sentyabrın 21-də Buzovna çimərliyi ərazisində “Xəzəri qoruyaq” şüarı altında keçirilən təmizlik aksiyası çərçivəsində jurnalistlərə müsahibəsində deyib.
K.Yankauskas bildirib ki, bu gün Azərbaycanda bir sıra dövləti təmsil edən diplomatik korpusun nümayəndələri, könüllülər Bakı çimərliyində toplaşıb sahili plastik tullantılardan təmizləmək istəyir. “Bizim niyyətimiz təkcə təmizlik deyil, həmçinin ictimaiyyətin diqqətinə çatdırmaq istəyirik ki, mağazalarda aldığımız plastik paketləri biz 15 dəqiqə müddətində istifadə edirik, lakin onların təbiətdə yoxa çıxmasına 100 ildən çox vaxt tələb olunur. Plastik tullantılar dəniz və okeanlarda balıqların yeminə çevrilir. Həmin balıqları isə biz və övladlarımız yeyir”, - deyən K.Yankauskas insanları təbiətə qarşı daha qayğıkeş olmağa, marketləri isə plastik torbalardan imtina etməyə çağırıb.

Ekologiya 2019-09-21 16:27:00