×
A
A
A
Sazlamalar

Keşikçidağ mağaralar kompleksi ziyarət edilib

Ağstafa, 21 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlarda qeyd edilən “Avropa irs günləri” çərçivəsində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ağstafa rayonunun mərkəzindən 75 kilometr məsafədə, dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşən və Gürcüstanla sərhəd boyunca 25 kilometrədək uzanan mağaralar kompleksinin yerləşdiyi əraziyə gəliblər.
İştirakçılara məlumat verilib ki, Keşikçidağ mağaralar kompleksindəki zəngin tarixi–etnoqrafik, mədəniyyət abidələrinin daha da dərindən öyrənilməsi, qorunması və təbliği məqsədilə bu ərazi Prezident İlham Əliyevin 2007-ci il 19 dekabr tarixli Sərəncamı ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan olunub.
Tədbir iştirakçıları qoruğun ərazisində strateji cəhətdən ən hündür yüksəkliklərdən biri olan, dövlətimizin başçısının şərəfinə adlandırılan “İlham Əliyev zirvəsi”nə yürüş ediblər.
Bildirilib ki, tədbirin keçirilməsinin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişinin təmin olunması, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə ictimaiyyətin diqqətinin yönəldilməsi və milli mədəni irsin təbliğindən ibarətdir.
Sonra qoruğa gələn turistlər və ekskursiyaçılar Keşikçidağ təbii və süni mağaralar kompleksini ziyarət ediblər.
Qoruğun əməkdaşları tərəfindən Keşikçidağın yerləşdiyi coğrafi ərazi, buradakı qala, məbəd və mağaralar, eləcə də digər tarixi-arxeoloji abidələr haqqında ziyarətçilərə ətraflı məlumat verilib, bukletlər və broşürlər paylanıb.
Tədbirdə Azərbaycanın dahi şairi Səməd Vurğunun Keşikçidağla bağlı “Rahibə qız və çoban” adlı rəvayəti də aşığın müşayiəti ilə tədbir iştirakçılarına danışılıb, sıldırım qayaların arasında yerləşən mağaraların önündə qədim musiqi alətlərimizin müşayiəti ilə aşıq və el havaları ifa edilib.
Turist və ekskursiyaçıların səfərlərinin daha yaddaqalan olması üçün ərazidə at yarışı təşkil edilib, milli rəqslərimiz nümayiş olunub, iştirakçılar milli mətbəximizin ləziz təamlarından dadıblar.

Regionlar 2019-09-21 16:07:00