×
A
A
A
Sazlamalar

“Qobu Park”da məcburi köçkünlərə dəstək tədbirləri keçirilib

Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 20-21-də Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Koreya Respublikasının ölkəmizdəki səfirliyi, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi və “SEBA” Koreya Şərq Təbabəti Klinikası Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Qobu Park” yaşayış kompleksində məcburi köçkünlərə dəstək tədbirləri həyata keçiriblər.
Komitədən AZƏRTAC-a bildiriblər ki, dəstək tədbirlərinə məcburi köçkünlərin tibbi müayinəsi, kompleksdə fəaliyyət göstərən ümumtəhsil müəssisələrinə texniki avadanlıqların və dərs ləvazimatlarının hədiyyə edilməsi, şagirdlər arasında keçirilən inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması, həmçinin məcburi köçkün ailələri ilə görüş daxil idi.
Yaşayış kompleksinin ərazisində Ağdam rayon 32 nömrəli və Laçın rayon 29 nömrəli tam orta məktəblərinin yerləşdikləri binanın akt zalında keçirilən yığıncaqda Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op çıxış edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri haqqında danışıb, Koreya xalqının da qaçqınlıq və köçkünlük problemləri yaşadığını, məcburi köçkün ailələrindən olan şəxslərin sonradan ölkənin dövlət idarəçiliyində və biznes sektorunda yüksək mövqe qazandıqlarını vurğulayıb. Koreyalı diplomat Azərbaycan dövlətinin qaçqın və məcburi köçkün problemlərinin həlli sahəsindəki təcrübəsinin bütün dünya üçün nümunə olduğunu qeyd edib, ölkəsinin azərbaycanlı qaçqın və məcburi köçkünlərə bundan sonra da dəstək verəcəyini bildirib.
“SEBA” Koreya Şərq Təbabəti Klinikasının baş həkimi İsmət xanım Qasımzadə artıq beş ildir məcburi köçkün qəsəbələrində pulsuz tibbi xidmət aksiyaları həyata keçirdiklərini, doğma yurdundan didərgin düşmüş insanların sağlamlığının bərpasına yardım göstərməyi mənəvi borc hesab etdiklərini bildirib. Qeyd edib ki, koreyalı və azərbaycanlı həkimlərdən ibarət tibbi heyət iki gün ərzində “Qobu Park” sakinlərinə xidmət edib. Ümumilikdə, 600-dən çox məcburi köçkün müayinə olunub.
Yığıncaqda səfirliyin təşəbbüsü ilə Ağdam rayon 32 nömrəli və Laçın rayon 29 nömrəli tam orta məktəblərin II-XI sinifləri arasında keçirilmiş “Vətənim Azərbaycandır” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıblar. Qaliblərə hədiyyələr, hər iki məktəbə isə müxtəlif texniki avadanlıqlar və dərs ləvazimatı təqdim olunub.
Rəsmi hissə başa çatdıqdan sonra isə tədbir iştirakçıları “Bakı K-pop Festivalı-2019” festivalının qalibi olmuş “7 sins” və “The legend” qruplarının ifasında Koreya, məcburi köçkün məktəblilərin ifasında isə Azərbaycan xalq rəqslərinə tamaşa ediblər.
Sonra səfir Kim Tonq Op məcburi köçkünlərin tibbi müayinəsinin gedişi ilə tanış olub və 2016-cı ilin aprel döyüşlərinin iştirakçısı, baş leytenant, qazi Əhliyyət Mehdiyevin ailəsinə baş çəkib, gənc ailəyə hədiyyələr təqdim edib.
Koreya Respublikasının Azərbaycandakı səfirliyi Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurdlarından didərgin düşmüş məcburi köçkünlərə dəstək tədbirlərini 2014-cü ildən təşkil edir. Bu cür tədbirlər ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə öz müsbət təsirini göstərir.
“Qobu Park” yaşayış kompleksində keçirilən tədbirdə Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin məsul şəxsləri iştirak ediblər.

Sosial 2019-09-21 15:54:00