×
A
A
A
Sazlamalar

İşəgötürənlərin iştirakı ilə tədbir keçirilib

Bakı, 21 sentyabr, AZƏRTAC

İşəgötürən tərəfindən Əmək Məcəlləsi ilə yaşı 18-dən az olan işçilər üçün müəyyən edilmiş təminatlara əməl olunması məcburidir.
Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran rayonunda “Uşaq əməyinin istismarının qarşısının alınması” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında keçirdiyi maarifləndirici tədbirdə vurğulanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə işəgötürənlərin iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, yaşı 18-dən az olan işçilərlə əmək müqaviləsi bağlayarkən onların əmək və peşə vərdişlərinin artırılması üçün işəgötürən tərəfindən təmin edilməli olan əlavə şərtlər, öhdəliklər nəzərdə tutulmalıdır. Yaşı 18-dən az olan işçilərin iş günü ərzində peşə hazırlığına sərf etdikləri vaxt işəgötürənin razılığı ilə iş vaxtı kimi nəzərə alınır.
Tədbirdə uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, əmək münasibətləri sahəsində uşaq hüquqları barədə iştirakçılara geniş məlumatlar verilib və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusundan da bəhs olunub. Əmək münasibətlərinə daxil olan hər bir şəxslə, ilk növbədə, əmək müqaviləsi bağlamağın vacibliyi, əmək müqaviləsinin işçinin əmək və sosial təminat hüquqları üçün əsas yaratdığı diqqətə çatdırılıb.

Sosial 2019-09-21 12:55:00