×
A
A
A
Sazlamalar

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Budapeştdə ofisi açılıb YENİLƏNİB VİDEO

Budapeşt, 20 sentyabr, AZƏRTAC

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Budapeşt şəhərində ofisinin açılış mərasimi keçirilib. Tədbirdə TDƏŞ-in, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın nümayəndə heyətləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, macar rəsmiləri, yerli ictimaiyyət nümayəndələri, türkoloq alimlər, adıçəkilən ölkələrin diaspor üzvləri və digər qonaqlar iştirak ediblər.
Mərasimdən öncə TDƏŞ Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib.
Açılış mərasimində Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto, Türk Şurasının Baş katibi Bağdad Amreyev, üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri – Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov, Qazaxıstanın Macarıstandakı səfiri Nurbax Rüstəmov çıxış ediblər.
Elmar Məmmədyarov Macarıstan ilə TDƏŞ üzv dövlətləri arasında bir çox sahələrdə səmərəli əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edərək, Türk Şurasının Budapeştdəki ofisinin açılması təklifinin Baş Nazir Viktor Orban tərəfindən Şuranın 6-cı Sammiti zamanı irəli sürüldüyünü bildirib. Nazir, həmçinin ofisin türkdilli dövlətlərlə Macarıstan, habelə Avropa İttifaqı və qurumun təsisatları arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoymasında əhəmiyyətli rol oynayacağına əminliyini vurğulayıb. O, ofisin Türk Şurasının fəaliyyətinə töhfə verəcəyini, təşkilatın gələcək inkişafına müsbət təsir göstərəcəyini bildirərək, üzv dövlətlərlə Macarıstan arasında əməkdaşlığın daha da möhkəmləndirilməsində nadir fürsət olduğunu vurğulayıb.
Elmar Məmmədyarov bu ilin oktyabrında ölkəmizin Türk Şurasının növbəti 7-ci sammitinə ev sahibliyi edəcəyini diqqətə çatdıraraq, Macarıstanın Baş Naziri Viktor Orbanın Türk Şurasının Sammitində ikinci dəfə iştirak edəcəyini məmnunluq hissi ilə qeyd edib. Nazir sözügedən Sammitin özəlliyinin Türk Şurasının təməlini qoyan Naxçıvan sazişinin 10 illiyinin qeyd edilməsi və Özbəkistanın Şuraya tamhüquqlu üzv olması ilə əlamətdar olduğunu bildirib.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Siyasət 2019-09-20 18:00:00

Video