×
A
A
A
Sazlamalar

Londonda “Könlüm keçir Qarabağdan” adlı konsert proqramı təşkil olunub

London, 20 sentyabr, AZƏRTAC

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Xan Şuşinski Fondunun birgə təşkilatçılığı ilə Londonda yerləşən Rossotrudniçestvo evində “Könlüm keçir Qarabağdan” adlı konsert proqramı təşkil olunub.
Tədbiri Rossotrudniçestvo evinin direktoru açaraq muğamı Azərbaycan xalqının tarixi və mədəniyyətini əks etdirən ən güclü xəzinəsi adlandırıb.
Daha sonra çıxış edən Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva muğam və onun tarixi barədə qonaqlara məlumat verərək Qarabağın, Şərqin konservatoriyası adlandırılan Şuşanın muğamın beşiyi olduğunu nəzərə çatdırıb.
Sonra Azərbaycanın Xalq artisti, tanınmış tarzən Fikrət Verdiyev, gənc kamança ustası Toğrul Əsədullayev, tanınmış muğam ifaçıları Ehtiram Hüseynov və Sevinc Sarıyevanın təqdimatında milli musiqi parçaları səsləndirilib. Azərbaycan muğamlarının və xalq mahnılarının ifa olunduğu konsert “Qarabağ şikəstəsi” ilə başa çatıb.
Konsertdən sonra çıxış edən Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Tahir Tağızadə qonaqlara bəxş etdikləri gözəl əhval-ruhiyyəyə görə musiqiçilərə təşəkkür edib. O, muğamın universal dilinin olduğunu və ümumilikdə incəsənətin bütün mədəniyyətlərdən olan insanları bir araya gətirən məfhum olduğunu qeyd edib. Bildirib ki, muğamın beşiyi Qarabağdır və bu cür konsertlər yenidən öz doğma vətəninə qaytarılmalıdır.
Tədbirdə Britaniyada yaşayan azərbaycanlılar, Azərbaycanın dostları, media nümayəndələri, Britaniyadakı diplomatik korpusun üzvləri, o cümlədən Sloveniya, Slovakiya, Tacikistanın Britaniyadakı səfirləri daxil olmaqla 100-dən çox qonaq iştirak edib.
Sonda qonaqlara Azərbaycanla bağlı suvenirlər və Azərbaycan çayı hədiyyə edilib.

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Mədəniyyət 2019-09-20 18:13:00