×
A
A
A
Sazlamalar

Mərakeşli nazir: Mərakeş Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir

Rabat, 20 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Oktay Qurbanov bu ölkənin Vəqflər və İslam İşləri naziri Əhməd Tofiq ilə görüşüb. Azərbaycan ilə Mərakeş arasında dostluq və əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluğunu ifadə edən səfir Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair yaradılmış İƏT Təmas Qrupuna Mərakeş Krallığının qoşulması, habelə Ermənistanın Azərbaycana hərbi təcavüzü və onun nəticələri barədə məlumat verib. O, Mərakeşin ölkəmizin ədalətli mövqeyini daim dəstəklədiyinə görə minnətdarlığını bildirdi.
Səfir nazir Əhməd Tofiqin bu il noyabrın 14-15 Bakıda “Dünya dini liderlərinin II Bakı sammiti”nə dəvət olunduğunu xatırladaraq, onun həmin mötəbər tədbirdə iştirak edəcəyinə ümidvarlığını ifadə edib.
Görüşdə, eyni zamanda, Mərakeş Krallığının Vəqflər və İslam İşləri Nazirliyi ilə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi arasında əməkdaşlıq əlaqələrinin yaradılması, iki ölkənin hökumətləri arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasının nəticələrinə dair Protokolun icrası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Əhməd Tofiq Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd edib.
Mərakeşli nazir dini və tarixi bağlılıqlara malik olan Azərbaycan və Mərakeş arasında dini işlər sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıb.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat

Siyasət 2019-09-20 17:22:00