×
A
A
A
Sazlamalar

“Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunan poçt markaları dövriyyəyə buraxılıb

Bakı, 20 sentyabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC “Əsrin müqaviləsi”nə həsr olunan poçt markalarını tədavülə buraxıb.
MMC-dən AZƏRTAC-a bildirilib ki, buraxılış 11 növ 20 ədəd (4x5) poçt markasından ibarət poçt vərəqi şəklində hazırlanıb. Vərəqin ölçüsü 165x185 millimetr, markaların ölçüsü 40x28 millimetrdir. Sıra nömrələri 1, 3, 6, 8, 9, 11, 14, 16, 17 və 19 olan markaların dizaynı eynidir. Həmin markalarda simvolik olaraq “əl tutub görüşən”, formaca 25 rəqəmini xatırladan neft boruları təsvir olunub. Digər markaların üzərindəki təsvirlər aşağıdakı qaydadadır (soldan-sağa sayıldıqda vərəqdəki şərti sıra nömrəsi ilə) “Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti”nin loqotipi; “Çıraq” platforması; “Mərkəzi Azəri” platforması; Səngəçal terminalı; “Şərqi Azəri” platforması; “Qərbi Çıraq” platforması; “Dərinsulu Günəşli” platforması; “Qərbi Azəri” platforması; Bakı-Tbilisi-Ceyhan neft boru kəməri; Ceyhan terminalı.
“Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən dizayn edilmiş poçt vərəqi 20 min ədəd tirajla Belarusun Bobruysk şəhərində çap olunub.
Həmçinin, xüsusi xatirə möhürü və 5500 ədəd “Birinci gün” zərfləri də hazırlanıb.

İKT 2019-09-20 13:20:00