×
A
A
A
Sazlamalar

“Washington Examiner” jurnalında “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş məqalə dərc edilib

Vaşinqton, 20 sentyabr, AZƏRTAC

Amerikanın “Washington Examiner” jurnalında siyasi icmalçı Covanni Visente Romeronun “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyinə həsr olunmuş məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, Romero öz məqaləsinin əvvəlində ötən həftə pilotsuz dronların Səudiyyə Ərəbistanındakı neft emalı zavodlarına hücumlarının qlobal təhlükəsizlik, siyasət və iqtisadiyyat arasında kövrək bağ olduğunu göstərdiyini xatırladıb. O qeyd edib ki, böyük dövlətlərin ekspansionist və asimmetrik hərəkətləri ilə müşayiət olunan rəqabət dövründə enerji ehtiyatları ilə zəngin olan Cənubi Qafqazda vəziyyəti səmərəli şəkildə dəyişəcək beynəlxalq müqavilələrin vacibliyini vurğulamaq lazımdır. Sentyabrın 20-də Azərbaycanla yeddi ölkəni təmsil edən 11 beynəlxalq neft şirkəti arasında mühüm kontraktın imzalanmasının 25 ili tamam olur. “Əsrin müqaviləsi” adlanan bu sənəd iqtisadi bir nailiyyət olmaqla yanaşı, həm də daha geniş regionda siyasi reallıqları dəyişib. Son 25 ildə hasil olunmuş karbohidrogen ehtiyatları Avropanın bir neçə ölkəsi üçün alternativ enerji mənbəyinə çevrilib.
Müəllif diqqətə çatdırıb ki, Xəzər regionu özünün zəngin təbii ehtiyatları ilə artıq XX əsrin əvvəlində Vaşinqtonun diqqətini cəlb edib. Mərhum Amerika diplomatı, ABŞ-ın milli təhlükəsizlik üzrə sabiq müşaviri Zbiqnev Bjezinski Azərbaycanı Xəzər hövzəsinin və Mərkəzi Asiyanın sərvətlərinin olduğu “butulka tıxacı” adlandırıb. Rusiya ilə İranın arasında yerləşən Azərbaycan sovet dövründə neft hasilatının mərkəzi olub. Məhz Azərbaycan nefti İkinci Dünya müharibəsində sovet tanklarını cəbhə xəttində hərəkətə gətirib və bununla da nasistlərin SSRİ-nin ərazisinin içərilərinə doğru irəliləməsinin qarşısı alınıb. Həmin vaxt Azərbaycan sovet neftinin 75 faizini hasil etdiyi üçün nasistlərini Bakını ələ keçirməsi sovet dövlətinin mövcudluğunu təhlükə altına qoyurdu.
Müharibədən sonrakı illərdə çoxlu neft və qaz yataqları kəşf olunub, lakin Azərbaycanın neft sərvətlərinin incisi 1980-ci illərin ortalarında aşkar edilmiş Azəri-Çıraq-Günəşli yataqlarıdır. “Əsrin müqaviləsi”nin əsasını da məhz onlar təşkil edir. Sovet İttifaqının süqutundan sonra istehsal avadanlıqlarının dağılması və texnologiyaların olmaması ucbatından Azərbaycanın xarici sərmayələrə, nou-hau və neft yataqlarının işlənilməsi üçün müasir texnologiyalara ehtiyacı vardı. ARDNŞ və beynəlxalq şirkətlər arasında (BP başda olmaqla və dörd Amerika şirkətinin iştirakı ilə) üç il davam edən danışıqlar Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi altında uğurla başa çatdırıldı. Müəllif qeyd edir ki, layihənin başlanğıc mərhələsində Birləşmiş Ştatlarda o vaxt hakimiyyətdə olan Klinton administrasiyası Azərbaycana böyük siyasi dəstək göstərdi.
Sonra məqalədə Azərbaycan neftinin 1997-ci ildən Bakı-Supsa boru kəməri ilə nəqli, 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan boru xəttinin açılışı barədə məlumat verilir. Qeyd olunub ki, İsrailin idxal etdiyi xam neftin də 40 faizi Azərbaycanda hasil olunur.
Romero vurğulayıb ki, sərmayəçilərə 7,4 milyard dollara başa gələn layihə Azərbaycana və onun tərəfdaşlarına milyardlarla dollar gəlir gətirərək minlərlə iş yerinin açılmasına səbəb olub.
Müəllif daha sonra yazıb ki, “Əsrin” müqaviləsi”ndən daxil olan gəlirlər hesabına Azərbaycan ölkənin infrastrukturuna, sosial inkişafına, təhlükəsizliyinə sərmayələr qoyub və başqa energetika və nəqliyyat layihələrinə başlamaqla regionun siyasi və iqtisadi müstəqilliyinin dəstəklənməsinə kömək edib. 2019-cu ilin sonunda Azərbaycan qazını Avropa bazarlarına çatdıracaq Cənub Qaz Dəhlizi Şərqi Avropa ölkələrinin digər istehsalçılardan asılılığını azaltmaq yolu ilə geosiyasi reallıqların dəyişməsinə şərait yaradacaq.
Romero məqalənin sonunda qeyd edib ki, istər respublikaçılar, istərsə də demokratların bir-birini əvəz etdikləri ABŞ administrasiyaları uzun illər ərzində Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayıblar. Prezident Trampın “Əsrin müqaviləsi”nin timsalında Xəzər regionunun enerji layihələrinə verdiyi dəstək onu avropalı tərəfdaşların milli və beynəlxalq maraqlarını birləşdirən Amerika layihəsi kimi xarakterizə edir. Qərblə yeni müstəqil dövlətlər arasında dayanıqlı iqtisadi və siyasi əməkdaşlığın əsası da ABŞ-ın xarici siyasət hədəflərinə uyğundur. “Əsrin müqaviləsi” bu əlaqəni gələcəkdə də davam etdirəcək.


Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Siyasət 2019-09-20 13:09:00