×
A
A
A
Sazlamalar

BAMF BMT-nin İnsan Hüquqları Şurasında görüşlərə başlayıb

Bakı, 20 sentyabr, AZƏRTAC

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev BMT İnsan Hüquqları Şurasının 42-ci sessiyası çərçivəsində Cenevrədə müxtəlif görüşlər keçirib.
BAMF-dan AZƏRTAC-a verilən məlumata görə, İnsan Hüquqları üzrə Cenevrə Mərkəzinin nümayəndəsi Blerim Mustafa ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi və Azərbaycan ərazilərinin işğalı nəticəsində haqları pozulmuş məcburi köçkünlərin hüquqlarının bərpasının beynəlxalq ictimaiyyətin diqqətinə gətirilməsi məsələləri müzakirə edilib.
Umud Mirzəyev Qlobal Su Təhlükəsizliyi İnstitutunun direktoru Nidal Salimlə və BMT-nin sabiq məruzəçisi Osman əl Həcclə də görüşüb. Görüş zamanı Afrikanın bir sıra nəzarətsiz ərazilərində olduğu kimi işğal olunmuş Qarabağ ərazisinin qanunsuz talanması, təbii resursların bir qrup cinayətkar tərəfindən mənimsənilməsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə mövzusu olub. Azərbaycan ərazilərinin işğalı nəticəsində məcburi köçkünlərin pozulmuş hüquqlarının İnsan Hüquqları Şurasının mexanizmləri vasitəsilə təsbit edilməsi, beynəlxalq hüququn norma və prinsipləri haqqında ətraflı fikir mübadiləsi aparılıb. Yanvar ayından etibarən Osman Əl Həccin BAMF-in Cenevrə nümayəndəsi kimi fəaliyyətinə dair razılıq əldə edilib.
Umud Mirzəyev, həmçinin BMT-nin insan haqlarının müdafiəsi ilə bağlı sabiq həmməruzəçi, BMT-nin öz nüfuzu ilə seçilən müstəqil ekspertlərindən biri, xalqların öz müqəddəratını müəyyən etməsi üzrə beynəlxalq ekspert Alfred Mourisiya De Zayasla müzakirələr aparıb. O, xalqların öz müqəddəratını təyin etməsi ilə bağlı mübahisəli fikirləri ilə tanınan De Zayası məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmaq, Qarabağ barədə həqiqətləri öz gözləri ilə görmək üçün Azərbaycana dəvət edib. BAMF-in vitse-prezidenti Ramil Əzizov da görüşlərdə iştirak edib.
Səfər çərçivəsində U.Mirzəyev Azərbaycanın Cenevrədəki missiyasının nümayəndələri ilə də görüşüb, missiyanın vətəndaş cəmiyyəti qurumlarına göstərdiyi dəstəyin təqdirəlayiq olduğunu bildirib, beynəlxalq auditoriyada birgə fəaliyyət perspektivlərinin zəruriliyini vurğulayıb.
Qeyd edək ki, BAMF prezidentinin İnsan Hüquqları Şurasının 42-ci sessiyasında Azərbaycanın işğal altındakı torpaqlarından zorla qovulmuş məcburi köçkünlərin hüquqlarına dair çıxışı gözlənilir. Bununla bağlı BAMF-in bəyanatı BMT İnsan Hüquqları Şurasının rəsmi səhifəsində dərc edilib.

Siyasət 2019-09-20 12:26:00