×
A
A
A
Sazlamalar

Yeni subsidiya mexanizminin tətbiqinə dair fermerlərə təlimlər keçirilir

Bakı, 20 sentyabr, AZƏRTAC
2020-ci ildən tətbiq olunacaq yeni subsidiya mexanizmi və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatla əlaqədar bölgələrdə təlimlər davam edir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, nazirliyin dəstəyi ilə 10 nəfərdən ibarət təlimçilər qrupu Gəncə şəhəri, Cəlilabad, Quba, Qusar, Xaçmaz, Beyləqan, Goranboy, Bərdə və Saatlı rayonlarında fermerlərə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tətbiqi və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatla bağlı informasiya məsləhət xidməti göstərirlər. Sentyabrın 16-dan başlayan təlimlərə 1123 fermer, 257 kənd icra və bələdiyyə nümayəndəsi və nazirliyin tabeli qurumlarının 212 əməkdaşı qatılıb.
Dörd gün davam edən təlimlərdə ümumilikdə 1592 nəfərə yeni subsidiya mexanizminin tətbiqi, subsidiyaların hesablanma qaydalarının, əmsallarının müəyyənləşməsi proseduru, EKTİS-də məlumatları sistemə daxil etmək ardıcıllığı barədə geniş məlumat verilib.
Təlimlər Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi qrafik əsasında digər bölgələrdə davam etdiriləcək.

Kənd təsərrüfatı 2019-09-20 12:19:00