×
A
A
A
Sazlamalar

İmişlidə bu mövsüm 20 min ton pambıq istehsalı nəzərdə tutulub

İmişli, 20 sentyabr, Mahir Babayev, AZƏRTAC 

İmişlidə kütləvi pambıq yığımına başlanılıb. Məhsul toplanışına mütəşəkkil başlayan “ağ qızıl” ustaları az müddətdə sahələrdən 271 tondan çox məhsul toplayıblar. Hər gün sahələrdən 65-70 ton pambıq toplanaraq qəbul məntəqələrinə göndərilir. Tədarük olunan məhsulun 85-90 faizi birinci növ kimi qəbul olunub.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il imişlili pambıqçılar 7 min 492 hektar sahədə pambıq əkiblər. Ötən il sahələrdən 18 min tondan çox məhsul toplayan fermerlər cari təsərrüfat ilində sahələrdən yüksək məhsul götürmək üçün bütün imkanlardan səmərəli istifadə edirlər. Rayonda pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən bu il tarlalarda bol məhsul yetişib.
Bir neçə gündür ki, rayonda kütləvi pambıq yığımına başlanılıb. Pambıq kollarında qozalar tam açılmadığından hələlik məhsul əl ilə yığılır. Yaxın günlərdə sahələrə pambıqyığan kombaynlarda çıxarılacaq. Bunun üçün 27 kombayn saz vəziyyətə gətirilərək fermerlərin ixtiyarına verilib.
Muradxanlı kənd sakini, fermer Elburs Abbasov rayonda ən yüksək məhsuldarlığa nail olan fermerlərdəndir. O, ötən il becərdiyi 110 hektar pambıq sahəsindən 289 ton məhsul götürüb. Məhsul istehsalçısının sahəsində bu il də pambıq çoxdur.
“Rayon üzrə ən yüksək məhsuldarlığa nail olan fermerlər sırasındayam. Bu il 57 hektar sahədə məhsul becərmişəm. Bitkiyə aqrotexniki qaydada qulluq etdiyimdən sahəmdə bol məhsul yetişib. Hələlik məhsulu əl ilə yığırıq. Yaxın günlərdə sahəyə pambıqyığan kombaynları çıxaracağam. İndiyədək plantasiyadan 3 tondan çox məhsul toplamışıq. Yığım apardığımız sahənin məhsuldarlığı 37 sentnerdən yuxarı olub. İlk nəticə göstərir ki, bu il məhsuldarlıq ötən ildəkindən də yüksək olacaq”, - deyə fermer bildirib.
Qeyd edək ki, bu il imişlili pambıqçılar becərdikləri sahələrdən 20 min ton pambıq yığmağı qarşıya məqsəd qoyublar.

 

Kənd təsərrüfatı 2019-09-20 12:06:00