×
A
A
A
Sazlamalar

Arıçılar Assosiasiyasının rəhbəri: əhalinin bal məhsullarına olan tələbatı artıq yerli istehsal hesabına tam ödənilir

Qax, 19 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Son illər dövlətimiz tərəfindən arıçılığın inkişafına çox böyük dəstək göstərilir. Subsidiyaların verilməsi, “Kənddən şəhərə” layihəsi çərçivəsində arıçıların istehsal etdiyi balın satılması, hər il keçirilən arıçılıq məhsullarının satış-yarmarkaları, həmçinin artıq üçüncü dəfədir ki, Qaxda reallaşan bal bayramı arıçılığın inkişafına təsir göstərən amillərdəndir. Təsadüfi deyil ki, son iki ildə ölkədə arı ailələrinin sayı iki dəfəyədək artıb.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qaxda keçirilən bal bayramında iştirak edən Azərbaycan Arıçılar Assosiasiyasının rəhbəri Bədrəddin Həsrətov deyib.
Üç il əvvəl yaranan Assosiasiyanın hazırda 46 rayon və 4 şəhərdə mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdıran B. Həsrətov bildirib ki, qurum yarandığı gündən indiyədək arıçılığın inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirib. Arı ailələrinin məhsuldarlığının artırılması, arılara necə qulluq edilməsi barədə innovativ metodların təbliği, xəstəliklərlə mübarizə qaydaları, marketinqlə bağlı həyata keçirilən təlim və seminarların, konfransların arıçılar üçün çox böyük əhəmiyyətli olub. Bədrəddin Həsrətov deyib: “Keçən il Azərbaycanda 3 min ton bal istehsal olunub. Builki istehsalımız artıq 6 min tona yaxınlaşır. Əvvəlki illərdə hər arı ailəsindən 8-10 kiloqram bal istehsal olunurdusa, bu il orta məhsuldarlıq 15 kiloqrama çatır. Azərbaycan artıq xaricə bal ixrac etməyə başlayıb. Bu il Yaponiyaya 8 ton, Birləşmiş Ərəb Əmirliklərinə 3 ton, Dubaya isə 4 tona yaxın bal göndərilib. Hazırda İordaniya ilə danışıqlar aparılır. Bu yaxınlarda oraya da bal göndəriləcək. Bunlar ilkin nümunələrdir”.
Arıçılar Assosiasiyasının rəhbəri bildirib ki, Azərbaycana balın idxalının məhdudlaşdırılması ilə bağlı Assosiasiya adından ölkə rəhbərliyinə müraciət imzalanıb. “Artıq biz ölkə əhalisinin bala olan tələbatını tam şəkildə ödəyə bilirik. Bu, ölkədə arıçılığın inkişafına bir stimul olacaq və bu sahə daha sürətlə inkişaf edəcək”, - deyə Bədrəddin Həsrətov bildirib.

Kənd təsərrüfatı 2019-09-19 21:02:00