×
A
A
A
Sazlamalar

“Şəhərdən Kəndə”: istiqamət İsmayıllı və Şamaxı rayonlarınadır

Bakı, 19 sentyabr, AZƏRTAC

Artıq həftəsonları “Şəhərdən Kəndə” layihəsi çərçivəsində müxtəlif regionlara turların təşkili ənənə halını alıb. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC öz ənənəsinə sadiq qalaraq bu həftəsonu da Şamaxı və İsmayıllı rayonlarında yerləşən fermer təsərrüfatlarına turlar təşkil edir. Turların iştirakçıları bir gün müddətində kənd həyatı yaşayacaq, səyahət etdikləri regionun yerli təamlarını dadacaq və təsərrüfat işləri ilə yaxından tanış olacaqlar.
AZƏRTAC xəbər verir ki, sentyabrın 21-də İsmayıllı rayonuna təşkil olunacaq turun proqramı kifayət qədər zəngindir. Belə ki, səyahətsevərlər İsmayıllı turu ərzində həm bu rayonun Təzəkənd kəndində, həm də Şamaxı şəhərinin Meysəri kəndində olacaqlar.
Qeyd edək ki, Təzəkənd kəndi 1936-cı ildə bir neçə ucqar dağ kəndindən köçmüş əhali tərəfindən salınıb. Sıx meşə massivi ilə əhatə olunan kəndin kənarında həm yerli əhali, həm də turistlər üçün istirahət məkanına çevrilmiş Vəlbinə gölü yerləşir. Kənd əhalisinin əsas məşğuliyyəti taxılçılıq, heyvandarlıq, meyvəçilik, bostançılıq, üzümçülük və sairdən ibarətdir.
Təzəkənd kəndində əsl kənd təamları ilə nahar etdikdən və yaxşıca dincəldikdən sonra tur iştirakçıları Şamaxının Meysəri kəndində yerləşən üzümçülük təsərrüfatına yola düşəcəklər. Burada iştirakçılar kənddə yerləşən kompleks ərazisindəki yerli və xarici üzüm sortlarından ibarət üzüm bağını gəzəcək və məhsulların əl əməyi ilə yığılması prosesində iştirak edəcəklər.
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində həftə sonu təşkil olunacaq digər tur isə Şamaxı turudur. Sentyabrın 22-də Şamaxı şəhərinin Qonaqkənd kəndinə təşkil olunacaq turun cəlbediciliyi heç də İsmayıllı turundan geri qalmır. Qeyd edək ki, Qonaqkənd kəndi Pirsaat çayının sol sahilində yerləşir və 120 təsərrüfatdan ibarətdir. Hazırda, bu kənddə yaşayan əhalinin sayı 200-250 nəfərdir. Əhalinin əsas tərkib hissəsini tatlar və padarlar təşkil edir. Kənddə əsas məşğuliyyət sahələri əkinçilik, heyvandarlıq və bitkiçilikdir. Turun iştirakçıları Qonaqkənddə yerləşən alma bağına ekskursiya edəcək və fermer tərəfindən müxtəlif alma növləri haqqında məlumatlandırılacaqlar. Həmçinin turun proqramıda iştirakçılar üçün buğlama bişirilməsi üzrə “master klass” da yer alıb.
Turlara qeydiyyatdan keçmək üçün +994502033247 telefon nömrəsinə zəng edə və ya “Şəhərdən Kəndə” sosial media hesablarına yaza bilərsiniz.
Xatırladaq ki, turların həyata keçirilməsində əsas məqsəd paytaxt sakinləri və əcnəbi turistlər üçün alternativ istirahət imkanı yaratmaq və regionlarda yaşayan əhalinin sosial rifahının yüksəlməsində pay sahibi olmaqdır. Belə ki, turlar ölkəmizin müxtəlif regionlarında olan kiçik və orta fermer təsərrüfatlarına təşkil edilir. “Şəhərdən Kəndə” turları öz rəngarəngliklərinə görə fərqlənir və iştirakçılarına bir müddətlik də olsa, kənd həyatının müxtəlifliklərini və gözəlliklərini yaşamağa imkan verir.
Həftəsonu təşkil olunacaq Şamaxı və İsmayıllı turları ilə bağlı ətraflı məlumatı aşağıdakı linklər vasitəsi ilə əldə edə bilərsiniz:
https://www.facebook.com/events/2442014762750990/, https://www.facebook.com/events/380423885960187/.

“Aqrar Tədarük və Təchizat” ASC ilə AZƏRTAC keçirilən turlar haqqında informasiyanı “Aqroekoturizm” adlı birgə layihə çərçivəsində oxuculara təqdim edəcək.

Kənd təsərrüfatı 2019-09-19 17:01:00