×
A
A
A
Sazlamalar

Qusar və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstəriləcək

Bakı, 19 sentyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, silsilə tədbirlər çərçivəsində sentyabrın 21-də saat 10:00-13:00-dək Xırdalan şəhər vəkil bürosu tərəfindən Qusar rayonundakı Heydər Əliyev Mərkəzində Qusar və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstəriləcək.
Xatırladaq ki, dövlətimizin başçısının Sərəncamına əsasən, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsi tövsiyə edilib. Bu tövsiyənin icrası ilə əlaqədar müvafiq tədbirlər respublikanın digər regionlarında da təşkil olunacaq.

 

Sosial 2019-09-19 16:39:00