×
A
A
A
Sazlamalar

İqlim dəyişmələrinə qarşı mübarizə gündəmdəki ən prioritet məsələlərdən biridir

Bakı, 19 sentyabr, AZƏRTAC

İqlim dəyişmələrinə qarşı mübarizə məsələsi Nyu-Yorkda, BMT Baş Assambleyasının 74-cü sessiyasının gündəliyindəki prioritet məsələlərdən biridir.
AZƏRTAC xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş sessiyanın açılışındakı çıxışında tədbirin birinci həftəsində beş sammitin keçiriləcəyini xatırladaraq deyib: “Qarşıdakı il gərgin olacaq. Biz beş ən mühüm yüksək səviyyədə görüşdən başlayırıq: iqlim; dayanıqlı inkişaf sahəsində hədəflər; inkişafın maliyyələşdirilməsi; ümumi səhiyyənin təmin edilməsi; habelə inkişaf etməkdə olan kiçik ada dövlətləri”.
O xatırladıb ki, sentyabrın 23-də İqlim Sammiti keçiriləcək. Onun başlıca məqsədi Paris Sazişinin icrasının konkret yollarını razılaşdırmaq, az karbonlu və ekoloji baxımdan dayanıqlı gələcəyə istiqamətlənməkdir. Sammitin əsas mövzuları aşağıdakılardır: bərpa olunan enerji mənbələrinə keçid, iqlim dəyişmələrinin qarşısının alınması üzrə tədbirlərin maliyyələşdirilməsi və atmosferə karbon qazı buraxmağa görə vergi qoyulması, sənaye emissiyalarının azaldılması və iqtisadiyyatın ekolojiləşdirilməsi.
BMT-nin Baş katibi Antonio Quterreş dünya liderlərindən Nyu-Yorka “bəlağətli nitqlərlə” deyil, atmosferə atılan zəhərli tullantıların azaldılması və bərpa olunan enerji mənbələri üzrə konkret planlarla gəlməyi xahiş edib. O deyib: “Mən dünya liderlərindən emissiyaların artımını 2020-ci ilə qədər necə dayandıracaqlarını, sonra onları kəskin surətdə necə azaldacaqlarını, tullantıların göstəricilərini əsrin ortalarına qədər necə sıfıra endirəcəklərini eşitmək istəyirəm”.
O, qlobal istiləşməyə qarşı mübarizədə gənclərin rolunu xüsusi qeyd edib. Sentyabrın 21-də keçiriləcək İqlim Sammitinə iki gün qalmış BMT-də İqlim üzrə Gənclər Sammiti keçiriləcək. Sammitdə Nobel mükafatına namizəd irəli sürülmüş 16 yaşı isveçli ekologiya fəalı Qreta Tunberq də iştirak edəcək.

Ekologiya 2019-09-19 12:48:00