×
A
A
A
Sazlamalar

Pərviz Şahbazov: “Əsrin müqaviləsi”nin Azərbaycanın ictimai-siyasi həyatında müstəsna xidmətləri olub YENİLƏNİB

Bakı, 19 sentyabr, AZƏRTAC
“Əsrin müqaviləsi”nin Azərbaycanın ictimai-siyasi həyatında müstəsna xidmətləri olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Energetika naziri Pərviz Şahbazov “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı sentyabrın 19-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.
Nazir 25 illiyi qeyd olunan “Əsrin müqaviləsi”nin Azərbaycanın ictimai-siyasi həyatında müstəsna xidmətlərindən danışıb. O deyib ki, bu tarixi müqavilə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində ərsəyə gəlib: “Həmin müqavilə beynəlxalq aləmdə Azərbaycanın rolunu gücləndirib. Ölkəmiz dünya neft bazarında özünəməxsus yeri tutub. Bu müqavilənin həyatımızda və Azərbaycanın taleyindəki rolunu aydın görə bilirik. “Azəri”, “Çıraq” və “Günəşli” yataqları işlənilməsinə 62 illik təminat alıb, indiyədək ən azı 36 milyard ABŞ dolları sərmayə qoyulub və daha 40 milyard dollar investisiyanın yatırılacağı, ölkəyə 143 milyard dollardan çox gəlir qazandırmış unikal layihələrdən biridir. “Azəri-Çıraq-Günəşli” istismara veriləndən indiyədək 492 milyon ton neft və 161 milyard kubmetr qaz hasil edilib”.
P.Şahbazov Azərbaycanın neft-qaz, elektroenergetika sektorunun hazırkı vəziyyəti və növbəti illərdə inkişaf perspektivləri, eləcə də energetika sektorunda islahatların sürətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə görülən işlər barədə məlumat verib. Bildirib ki, 2020-2021-ci illərdə ölkədə neft hasilatının həcmi, təxminən 39 milyon ton proqnozlaşdırılır. Qaz hasilatının bu il 19 faiz artacağı, 2020-ci ildə 40,2 milyard kubmetrə, 2021-ci ildə isə 45 milyard kubmetrə çatacağı gözlənilir”.
“Azərbaycanın qaz ixracatçısına və Avropanın enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevrilməsində “Şahdəniz” qaz yatağı mühüm rol oynayır. İstismara veriləndən bu vaxta yataqdan 110,8 milyard kubmetr qaz, 26,8 milyon ton kondensat hasil edilib. “Şahdəniz” yatağında qaz hasilatının artması Türkiyəyə ixracla bağlı göstəricilərə əhəmiyyətli dərəcədə təsir göstərib, nəticədə ötən ilin müvafiq dövrünə nisbətən cari ildə qardaş ölkəyə 33,8 faiz çox, yəni 5,7 milyard kubmetr qaz satışı həyata keçirilib”.
Nazir islahat tədbirləri çərçivəsində bərpaolunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçidlə, eləcə də qaz təchizatı və istilik enerjisi təchizatında islahatlarla bağlı təkliflərin hazırlandığını da diqqətə çatdırıb: “Hesab edirik ki, bu tədbirlər enerjinin istehsalı, ötürülməsi, paylanması və təchizatı sahələrində təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin tətbiqinə, özəl investisiyaların cəlb edilməsinə və səmərəliliyə əlverişli şərait yarada bilər. Mütərəqqi bazar prinsiplərini və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış “Elektroenergetika haqqında”, “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Qanun layihələri razılaşdırma mərhələsindədir. Enerji səmərəliliyi ilə bağlı tədbirlər çərçivəsində hazırlanmış “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun layihəsinə də baxılmaqdadır. “Qaz təchizatı haqqında” Qanunun yeni layihəsinin hazırlanması üzrə də müvafiq işlər görülür”
Sonra nazir P.Şahbazov jurnalistlərin suallarını cavablandırıb.

Neft - qaz 2019-09-19 12:31:00