×
A
A
A
Sazlamalar

Tacikistanın nümayəndə heyəti Azərbaycanda istehsalat müəssisələrinin iş prosesi ilə tanış olub VİDEO

Xaçmaz, 19 sentyabr, Elxan Yusifli, AZƏRTAC 

Tacikistanın kənd təsərrüfatı sektoruna cavabdeh olan dövlət qurumlarının və biznes strukturlarının nümayəndələri və sahibkarlar Azərbaycandakı bir sıra istehsalat müəssisələrinin iş prosesi ilə tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan-Tacikistan Aqrobiznes Forumunun iştirakçısı olan qonaqlara əvvəlcə Bakı Yağ Emalı Fabrikinin geniş istehsal dairəsi barədə məlumat verilib. Bildirilib ki, fabrikdə müasir texnologiya ilə yüksək keyfiyyətli qida yağları istehsal edilir. Zavodda ABŞ, İtaliya və Fransadan alınan texnoloji avadanlıqlardan istifadə olunur. Müasir deodorizə və ventirizə sistemləri qurulub. Bu yeni sistem ətraf mühitə zərər vermədən, yüksək keyfiyyətdə bitki yağlarının emal edilməsinə imkan verir.
Sonra nümayəndə heyəti Xaçmaz Konserv Zavoduna gəliblər. Burada diqqətə çatdırılıb ki, zavodda konservlər, tomat pastaları, mürəbbələr, tərəvəz yeməkləri, turşular və kompot çeşidləri istehsal olunur. Yüksək keyfiyyətli məhsul istehsalı üçün müəssisədə qabaqcıl texnoloji avadanlıqlar quraşdırılıb və müasir laboratoriyalar fəaliyyət göstərir. Hazırda müəssisədə müxtəlif çeşiddə milli markalı məhsullar istehsal edilir.
Daha sonra Tacikistanın nümayəndə heyəti Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin Quba şəhərindəki “ABAD Factory” İstehsalat Kompleksi ilə yaxından tanış olublar.
Bildirilib ki, ümumi sahəsi 1500 kvadratmetrədək olan müasir istehsalat kompleksində “ABAD”çılar 5 istehsal sahəsi üzrə fəaliyyət göstərirlər. Bura quru meyvələr, kompot, qənnadı, süd və ət məhsulları daxildir.
Sahibkarlıq fəaliyyətinin səmərəli təşkili məqsədilə Quba “ABAD Factory” ərazisində müvafiq infrastruktur yaradılıb. Burada 10 “ABAD”çı ailənin (30 nəfərə yaxın) fəaliyyət göstərməsi nəzərdə tutulub. Məhsul dövriyyəsi çoxaldıqca bu sayın 50 nəfərədək artırılması planlaşdırılır.
Kompleksdə “Pasha Holding”in dəstəyi ilə “ABAD Gastro Village” layihəsi və onun nəzdində olan “Food truck”lər (təkərli qoşqular) parkı salınıb. “ABAD Gastro Village”in səyyar şəkildə fəaliyyət göstərməsi şimal regionlarında yaradılmış turizm infrastrukturunu daha cəlbedici edir. “Truck”lər 5 istiqamət üzrə satış aparır. Bura dönər, burger, pizza, şirniyyat və “ABAD” etno-butiki daxildir.
Qeyd edək ki, Azərbaycan-Tacikistan Aqrobiznes Forumu sentyabrın 18-də Bakıda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC və Tacikistan Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçirilib.
Forumun keçirilməsində məqsəd Azərbaycan və Tacikistan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinin müzakirəsi, hər iki ölkənin bu sahədə fəaliyyət göstərən biznes qurumları arasında əlaqələrin qurulması və təcrübə mübadiləsinin aparılmasıdır.

 

Kənd təsərrüfatı 2019-09-19 10:12:00

Video