×
A
A
A
Sazlamalar

Gənclər üçün Təhsil Mərkəzi üç ölkədə beynəlxalq layihə icra edir

Bakı, 18 sentyabr, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi (GTM) Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyi tərəfindən “Üç ölkədə gənc sahibkarlar klubunun yaradılması” layihəsinin icrasına başlayıb.
GTM-dən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində Azərbaycanda, Gürcüstanda və Moldovada gənc sahibkarlar klublarının yaradılması, Azərbaycanda və Gürcüstanda iki beynəlxalq təlim kursunun, gənclər mübadiləsinin və beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub.
Artıq ötən həftədən Gürcüstanda ilk beynəlxalq tədbir işə başlayıb. Azərbaycan, Türkiyə, Böyük Britaniya, İspaniya, Moldova və Gürcüstandan olan 30-dan çox gəncin iştirak etdiyi beynəlxalq təlim kursunda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, gənc sahibkarlar üçün xüsusi alətlərin və imkanların yaradılması, innovativ ideyaların uğurlu biznesə çevrilməsi, startap layihələrin hazırlanması və s. istiqamətdə bilik və bacarıqlar barədə məlumat verilib.
Növbəti beynəlxalq tədbir oktyabrın 10-dan 20-dək Bakıda keçiriləcək.
Layihənin tərəfdaşları Böyük Britaniyanın NEFELI Beynəlxalq Təhsil Şəbəkəsi, İspaniyanın PROXIMA Təhsil və Mədəniyyət Assosiasiyası, Türkiyənin Uludağ Universiteti, Gürcüstanın KinoYeast Gənclər Assosiasiyası və Kişineu Şəhər Təhsil, Gənclər və İdman Baş İdarəsidir.
Layihə 2020-ci ilin iyununadək davam edəcək.

Sosial 2019-09-18 19:55:00