×
A
A
A
Sazlamalar

Şəmkirin Dəllər Cəyir kəndində inkubator məntəqəsi fəaliyyətə başlayıb

Şəmkir, 18 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan hökuməti və yerli icmalar arasında əməkdaşlıq çərçivəsində Şəmkir rayonunun Dəllər Cəyir kəndində inşa edilən inkubator məntəqəsinin açılış mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində inkubator sexi üçün bina tikilib, generator, inkubasiya rəfləri və digər avadanlıqlar quraşdırılıb.
Açılış mərasimində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qüdrət Əliyev qeyd edib ki, son illər regionlarda kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə kənd təsərrüfatının inkişafı, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə mühüm layihələr icra olunub.
Dəllər Cəyir kəndində inkubator məntəqəsinin inşa edilməsinin əhəmiyyətinə diqqət çəkən Qüdrət Əliyev bu münasibətlə kənd sakinlərini təbrik edib.
Tədbirdə çıxış edən USAID-in proqram rəhbəri Devid Ratlif bu cür layihələrin insanların həyat səviyyələrini yaxşılaşdırmağa yönəlmiş səylərini dəstəkləmək məqsədi daşıdığını bildirib, əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

Kənd təsərrüfatı 2019-09-18 19:18:00