×
A
A
A
Sazlamalar

Quldurluqla və oğurluqla məşğul olan şəxslər tutulub

Bakı, 18 sentyabr, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları quldurluqla və oğurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə müraciət edən Cəlilabad rayon sakini olan qadın sentyabrın 16-da axşam saatlarında bir nəfərin onu döydüyünü və bıçaqla hədələyib pulunu aldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Q.Rzayev saxlanılıb. Rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də rayondakı evlərin birindən 1500 manat və 15 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin nəvəsi N.Əmircanov tutulub.
Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşları isə sentyabrın 17-nə keçən gecə rayondakı mağazaların birindən 583 manat pulu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Həsənovu yaxalayıblar. Onun ətrafında aparılmış tədbirlərlə həmin şəxsin daha bir mağazadan pul və mobil telefon oğurlaması da müəyyənləşdirilib.
Hər üç faktla bağlı araşdırmalar davam etdirilir.

 

Hadisə 2019-09-18 17:20:00